Dünyanın intizarla gözlədiyi anlaşma əldə olunmadı - Nüvə təhdidi davam edir
28.02.2019 13:06 Dünyadan reaksiya 845
Tramp: "Şimali Koreya bütün sanksiyaların ləğv olunmasını istəyir, lakin Birləşmiş Ştatlar buna gedə bilməz"
Birləşmiş Ştatlar prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında razılıq əldə olunmayıb. Nəticədə liderlər sammitin keçirildiyi yeri – Vyetamın paytaxtı Hanoyda yerləşən ən qədim hoteli - "Sofitel Legend Metropole"-u vaxtından əvvəl tərk ediblər.
Ağ Evin mətbuat katibi Sar Sanders sammitdə danışıqların vaxtından əvvəl başa çatdığını, bununla əlaqədar prezident Donald Trampın da mətbuat konfransının vaxtının dəyişdiyini bildirib. Həmçinin qeyd olunur ki, ABŞ və Şimali Koreya liderlərinin sammitinin yekunlarına dair razılaşma əldə olunmayıb.
Birləşmiş Ştatlar prezidenti Donald Tramp bəyan edib ki, hazırda ölkəsi Şimali Koreya ilə razılaşma imzalamamağa qərar verib.
O, həmçinin əlavə edib ki, Şimali Koreyaya qarşı sanksiyalar qüvvədə qalacaq: "Şimali Koreya bütün sanksiyaların ləğv olunmasını istəyir, lakin Birləşmiş Ştatlar buna gedə bilməz. Sanksiyalar qüvvədə qalacaq. Şimali Koreya sanksiyaların ləğvi qarşılığında sənədi imzalamağa hazır idi. Onlar tamamilə deyil, ayrı-ayrı rayonlarda nüvəsizləşəməni həyata keçirmək istəyirlər. Bu, bizi qane etmədiyi üçün təklifdən imtina etdik".
Tramp vurğulayıb ki, görüş zamanı Kim Çen In nüvə və raket sınağı keçirməyəcəklərinə vəd verib: "O, Şimali Koreyaya qarşı sanksiyaların ləğvini çox istəyir. Mən bu ölkənin inkişaf etməsini istəyirəm. Bu ölkənin böyük potensialı var. Biz bu sazişi imzalaya bilərdik".
Ağ Ev rəhbəri, eyni zamanda Şimali Koreyaya qarşı sanksiyaları gücləndirmək istəmədiyini də dilə gətirib: "Mən hazırda sanksiyaların gücləndirilməsindən danışmaq istəməzdim".
Şərhlər