Daha bir Avropa ölkəsi böhran ərəfəsindədir
12.08.2015 04:57 Dünyadan reaksiya 1407
"Moldova Avropanın növbəti təhlükəsizlik böhranı mərkəzi, qaynar nöqtəsi ola bilər. Şərqi və Qərbi Avropanın kəsişməsində yerləşən bu keçmiş sovet respublikası Rumıniya ilə Ukrayna arasında sıxılıb qalıb."
ANS PRESS-in məlumatına görə, bunu Norveçin keçmiş baş naziri, Avropa Şurasının (AŞ) baş katibi Turbyorn Yaqland "The New York Times" saytında yerləşdirdiyi məqaləsində yazıb.
Baş katib Turbyorn Yaqland həmçinin qeyd edib ki, 1991-ci ildə müstəqillik əldə edəndən sonra ölkədə Rusiyaya meylli Kommunist Partiyası və Avropayönlü partiyalar növbə ilə hakimiyyətdə olub. O, son 6 ildə Moldovada vəziyyətin çox az dəyişdiyini yazıb - hakimiyyət əvvəlki kimi oliqarxların əlindədir, ölkədə korrupsiya durmadan "çiçəklənir", yüz minlərlə moldovalı isə daha yaxşı həyat axtarışı ilə ölkəni tərk edir.
Yaqland məqaləsində Moldova ilə Ukrayna arasında müqayisə apararaq xatırladıb ki, Ukraynada da qeyri-stabillik siyasi institutların xalqı məyus etməsindən sonra başlamışdı.
Moldovada baş verə biləcək böhranın qarşısını almaq üçün Yaqland ölkə hakimiyyətini siyasi iradə nümayiş etdirməyə çağırıb. "Hakimiyyət məhkəmə sisteminə istənilən siyasi müdaxilənin qarşısını almalı, hakim dairələrdə yoxlamalar aparmalı və "işğal edilmiş dövləti onun vətəndaşlarına qaytarmalıdır", - yazan Turbyorn Yaqland Moldovanın öz demokratik təhlükəsizliyi haqqında düşünməli olduğunu bildirib.
Şərhlər