Gürcüstan Rusiyaya nota verdi
12.08.2015 06:39 Dünyadan reaksiya 1519
Gürcüstan Xarici İşlər Nazirliyi İsveçrənin Tiflisdəki səfirliyinə Rusiyaya çatdırılması üçün nota məktubu təqdim edib.
Reaksiya.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə nazirliyin rəsmi internet saytında verilən açıqlamada Gürcüstandan birtərəfli müstəqilliyini elan edən Cənubi Osetiyada fəaliyyət göstərən rus əsgərlərinin avqustun 10-da Gürcüstanın Kareli rayonunun Tamaraşeni və Tseronissa kəndlərində sərhəd işarələri yerləşdirdikləri bildirilir.
Rus əsgərləri tərəfindən son bir ayda 3 dəfə oxşar sərhəd işarələrinin dəyişdirildiyi bildirilən açıqlamada Rusiyanın təcavüzkar cəhdlərlə bölgədə və işğal xəttində gərginlik yaratdığı
deyilir.
Gürcüstanla Rusiya arasında 2008-ci ilin avqustunda yaşanan qarşıdurmalardan sonra Rusiya birtərəfli olaraq müstəqilliklərini elan edən Abxaziya və Cənubi Osetiyanı tanıdığını açıqlamış, diplomatik əlaqələr kəsilmişdi. İki ölkə arasındakı diplomatik əlaqələri İsveçrənin Tiflis və Moskvadakı səfirliyi həyata keçirir.
Gürcüstan Xarici İşlər Nazirliyi Rusiyaya nota verməmişdən bir neçə saat əvvəl Rusiyanın son günlərdə etdiklərindən narahatlıqlarını ifadə edib.
Şərhlər