Ankarada fövqəladə toplantı: İstanbulun taleyi həll olunur

07.05.2019 13:08     Dünyadan reaksiya     1051

YSK-nın qərarı ilə bağlı bundan sonra sərgilənəcək mövqeyə dair yol xəritəsi müzakirə ediləcək

Türkiyə Yüksək Seçki Komissiyasının (YSK) İstanbulda təkrar bələdiyyə seçkiləri keçirilməsinə dair qərarından sonra Cümhuriyyət Xalq Partiyası (CHP) bu gün partiya üzvlərinin iştirakı ilə fövqəladə toplantı keçirir. Bu barədə Sputnik Azərbaycan Türkiyə KİV-nə istinadən xəbər verir.

CHP üzvləri YSK-nın qərarı ilə bağlı partiyanın bundan sonra sərgiləyəcəyi mövqeyə dair yol xəritəsini müzakirə edəcəklər.


"Heç kim narahat olmasın, çox gözəl şeylər olacaq. Bu ölkəyə demokratiyanı gətirəcəyik. Hər şeyə rəğmən gətirəcəyik. Demokratiya üçün mübarizə aparacağıq" - deyə CHP sədri Kamal Kılıçdaroğlu bildirib. 
İstanbul Bələdiyyəsinə sədr seçilən Əkrəm İmamoğlu da ilkin açıqlamasını verib: "Söhbətimiz var, daha sonra danışacağıq".

Qeyd edək ki, YSK-nın dünən keçirilən iclasında təkrar seçkilərin keçirilməsinə qərar verilib. Qərarın lehinə komissiyanın 11 üzvündən 7-si səs verib. Digər 4 nümayəndə isə buna qarşı çıxıb.

Təkrar seçkilər iyun ayının 23-də keçiriləcək. YSK-nın açıqlamasına görə, hazırda İstanbul Bələdiyyəsinin sədri olan CHP-nin namizədi Əkram İmamoğluna verilmiş mandat geri alınacaq.

Xatırladaq ki, martın 31-də Türkiyədə bələdiyyə seçkisi keçirilib. İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyi uğrunda mübarizədə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırıma qalib gəlib.

Reaksiya.az

 

Şərhlər