Paşinyan iki “od” arasında - Qərbi razı salmaq üçün Koçaryan və Sarkisyanı həbs etmək istəyir
17.12.2019 16:26 Dünyadan reaksiya 1831
Ermənistan baş naziri Nikol Paşinyanın sərsəm açıqlamaları “Qarabağ klanı”nın himayəsində olan separatçı rejim tərəfindən də sərt qarşılanır. Dağlıq Qarabağda qanunsuz yaradılmış qondarma rejimin “generalı” Vitali Balasanyan deyib ki, Paşinyan absurd, bir-birini təkzib edən fikirlərlə çıxış etməklə bütün Ermənistana ziyan vurur: “O, gah deyir ki, “Qarabağ Ermənistandır”, gah da deyir, “Qarabağ üçüncü tərəf kimi danışıqlarda iştirak etməlidir. Onun ümumiyyətlə nə etmək istədiyini başa düşmək olmur”.
Qondarma rejimin təmsilçisi bildirib ki, hazırda bütün proseslər Bakının senarisinə uyğun gerçəkləşir: “Paşinyanın Azərbaycan hakimiyyəti qarşısında acizliyi açıq-aydın görünür. Belə getsə, mən və mənim ardımca gedəcək insanlar rəsmi İrəvana qarşı çıxacaq”.
Politoloq: “Moskva qıcıqlanmasın deyə “Qarabağ üçüncü tərəf kimi danışıqlarda iştirak etməlidir” ifadəsini səsləndirir”
İrəvan hökuməti ilə qondarma rejim arasındakı gərginliyi “Şərq”ə dəyərləndirən politoloq Azər Qasımov deyib ki, Paşinyanın İrəvanın keçmiş prezidentlərinin üstünə getməsi, həbs etdirməsi “Qarabağ klanı”na təzyiqdir.
Siyasi şərhçinin sözlərinə görə, “Qarabağ klanı”nın da Paşinyanla təzyiq dilində danışması təbii haldır və özünü qoruma instinktinin nəticəsidir: “Məlumdur ki, bu klanı Moskva himayə edir, deməli, dolayısı ilə həm də Moskvanın Paşinyana təzyiqidir. Paşinyan təcrübəsiz, nə etmək istədiyini bilməyən siyasətçidir. Əslində onun hakimiyyətə gəlməsi özü bir təsadüfdür. O, Ermənistandakı siyasi hadisələrin gedişatında təsadüf nəticəsində hakimiyyətə gələn bir fiqurdur. Ciddi komandasının olmaması sürücüsünü vəzifəyə qoymasından məlum idi. Paşinyan Qərbin təlimatlarını yerinə yetirir. Lakin Kremlin qulaqburmasından sonra ikili oyun oynayır. Qərbi razı salmaq üçün “Qarabağ klanı”nın rəhbərliyini - Koçaryan və Sarkisyanı həbs etmək istəyir. Moskvanı razı salmaq üçün isə “Qarabağ üçüncü tərəf kimi danışıqlarda iştirak etməlidir” ifadəsini səsləndirir”.
Analitik vurğulayıb ki, bütün bunlar erməni xislətinin nəticəsidir və əslində bu oyunlar bizi maraqlandırmır:
“Bizim bir tək marağımız olmalıdır, o da Qarabağı işğaldan azad etmək. Bunun üçün də təkcə ermənilər arasındakı hakimiyyət davasını və düşmənin daha da zəifləməsini gözləməməliyik. Çünki biz Ermənistanın ən güclü ola biləcəyi vaxtda belə onlara qalib gəlmək iqtidarındayıq. Bu baxımdan Qarabağın azad edilməsi elə də uzaq gələcəyin işi olmamalıdır. Biz bütün Azərbaycan xalqı olaraq hər dəqiqə, hər gün buna hazırıq və o gün uzaqda deyil”.
Şərhlər