Qaçan prokurorlarla bağlı İrəvandan açıqlama

13.08.2015 08:24     Dünyadan reaksiya     1782

Ərdoğan: “Onlar gec-tez yaxalanacaq və hesab verəcəklər."

Türkiyədə haqqında cinayət işi qaldırılan prokurorlar Zəkəriyyə Öz və Cəlal Qaranın Ermənistana qaçması ilə bağlı müəmma qalmaqdadır. Dünən Ermənistan Milli Təhlükəsizlik Nazirliyi (MTN) prokurorların Ermənistana qaçması ilə bağlı iddiaları cavablandırıb.Maraqlıdır ki, Ermənistan MTN-i yaydığı açıqlamada Zəkəriyyə Öz və Cəlal Karanın Ermənistana qaçmasını nə təkzib, nə də təsdiq edib. Nazirlik yalnız “bu barədə heç bir məlumatımız yoxdur” açıqlaması ilə kifayətlənib.

 
Bu arada “Ergenekon” istintaqı vaxtı ağır xəstəlik səbəbindən dünyasını dəyişən Qüddusi Okkirin həyat yoldaşı Səbriyə Okkir maraqlı iddia irəli sürüb. Okkir sabiq prokurorların dövlət tərəfindən gecə yarısından sonra Gürcüstana qaçırıldığını bildirib: “Zəkəriyya Öz guya qaçıb. Qaçmadan əvvəl niyə tutmurdunuz? Onlar qaçmadı, qaçırıldı, dövlət onları qaçırdı. Barələrində çıxan qərarlar da göz boyamaq üçündür”.
 
Məsələyə münasibət bildirən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə Zəkəriyyə Öz və Cəlal Karanın bir vaxtlar qəddar qərarlar çıxardığını bildirib: “Bir zamanlar Əlcəzairə gedəndə məni xaricə qaçmaqda ittiham edən xəyanət şəbəkəsinin özlərinin ölkə xaricinə çıxdığını görürük. Onların oradan (Ermənistanı nəzərdə tutur-red.) hara qaçacaqları isə ayrı məsələdir. Təbii ki, biz Türkiyə olaraq araşdırma aparırıq. Onlar bir yerdə mütləq həbs ediləcəklər və bura gəlib elədiklərinin hesabını gec və ya tez verəcəklər”.
Yada salaq ki, Zəkəriyyə Öz və Cəlal Kara Fətullah Gülən şəbəkəsinin ən məşhur isimlərindəndir. 
 
Onlar “dövlət çevrilişinə cəhddə”, “terror təşkilatı qurmaq”da ittiham olunurlar və barələrində həbs qərarı çıxarılıb. Fətullah Gülən hərəkatını dəstəkləməkdə, qeyri-qanuni quldur dəstələrinin təşkili və hökuməti devirməyə yönəlik cəhdlərdə suçlanan prokurorların Ermənistanda gizləndiyi haqda Artvin vilayətinin valisi Kamal Cirit bildirmişdi.
Onu da qeyd edək ki, Zəkəriyyə Öz bir vaxtlar baş nazir Rəcəb Tayyib Ərdoğan tərəfindən silahlı qüvvələrin yüksək rütbəli mənsublarını kütləvi həbs edərək “Ergenekon terrorçusu” adı altında həbsxanaya doldurmağa sanksiya verdiyinə görə zirehli avtomobillə mükafatlandırılmışdı. “Ergenekon” adlı mifik terror təşkilatı barədə cinayət işi qaldıran, bu cinayət işi çərçivəsində istefada olan generallar, digər yüksək rütbəli zabitlər, Atatürkçü ziyalılar, jurnalistlər barədə sanksiyalar çıxaran məhz Öz olub.
 
Zəkəriyyə Özün Fətullah Gülənin Türkiyədə təriqət dövləti qurmaq planlarına mane ola biləcək hər kəsi “terrorçu” adı altında həbsxanalara doldurması 2013-cü ilə - Ərdoğanla Gülən arasında münasibətlərin pozulmasınadək davam etdi. 2013-cü ilin dekabrında Gülənin ordusu - Türkiyənin polis və ədliyyə sistemində kök salmış fətullahçılar bu dəfə Ərdoğanın özünü devirmək üçün hərəkətə keçdilər. Ancaq Ərdoğan əks-hücuma keçərək Türkiyənin polis və ədliyyə sistemində fətullahçıları kütləvi şəkildə işdən azad etməyə başladı. Bir vaxtlar Ərdoğanın hakimiyyət müttəfiqi olan Fətullah Gülənin şəbəkəsi “paralel dövlət” adı alaraq zəiflədildi.
 
Ərdoğanla Gülən arasındakı qarşıdurma “Ergenekon” məhbusları üçün də həbsxana qapılarını açdı. İstanbul Cümhuriyyət prokuroru işləyən Zəkəriyyə Özü ucqar rayonlardan birinə prokuror təyin etdilər, səlahiyyətlərini əlindən aldılar. 

 

Şərhlər

Çox oxunanlar