“Rusiyanın qıcıqlanması heç nəyi dəyişməyəcək”

13.08.2015 17:38     Dünyadan reaksiya     2202

Bu gün ABŞ-ın xarici işlər naziri Con Kerri Kubadakı Amerika səfirliyinin rəsmi açılışını edəcək.  54 ildən sonra ilk dəfə ABŞ bayrağı Kubada dalğalanacaq.

Kubanın Rusiya ilə köhnə zamanlara dayanan yaxınlığını nəzərə alaraq, yaranan bu yeni münasibətlərin rəsmi Moskvada necə münasibət doğuracaq?

Sualımızı politoloq Natiq Miri cavablandıraraq bildirdi ki, ABŞ-la Kuba arasındakı münasibətlərin tənzimlənməsi prezident Obamanın uğurlarından biridir: “Kuba ABŞ-a coğrafi baxımdan ən yaxın ölkələrdən biridir. Məhz buna görə Kuba, həm də kommunist rejimli bir ölkə olduğu üçün keçmiş sovetlər imperiyasına ən yaxın müttəfiq ölkə sayılırdı. SSRİ buraya  ABŞ-ı asanlıqla vura biləcək raketlər yerləşdirməklə təhlükəsizliyini daim təhdid edirdi. Bunun müqabilində Sovet imperiyası Kubaya çox ciddi hərbi-iqtisadi yardımlar edirdi”.

Politoloq qeyed edib ki, Krımın işğalından sonra ABŞ öz hərbi qüvvələrini Rusiyanın maraqlarına yaxın dövlətlərinə yerləşdirmək üçün çox ciddi əsas tapa bilib: “Bu əsas müttəfiq dövlətlərin təhlükəsizliyi məsələsidir. Kuba SSRİ-nin varisi olan Rusiya üçün hələ də geosiyasi baxımdan maraqlı ölkədir.Təbii ki, ABŞ-Kuba yaxınlaşması Moskvanı narahat edir. Ancaq bunun qarşısını almaq üçün Rusiyada lazımi resurslar yoxdur. ABŞ isə Kubaya gələcək inkişaf və təhlükəsizliklə bağlı hər cür təminat verir. Ona görə də Rusiyanın bu vəziyyətdən qıcıqlanması heç nəyi dəyişməyəcək”.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama dekabrda Kuba ilə əlaqələrin normallaşdırılmasına rəsmi olaraq başlamaq qərarı aldıqlarını deyib və bu çərçivədə də qarşılıqlı olaraq səfirliklərin açılması mövzusunu gündəmə gətirib. İki ölkə arasındakı əlaqələrin yenidən bərpa edilməsi məqsədilə Kubanın Vaşinqtondakı səfirliyini iyulun 20-də Kubanın xarici işlər naziri Bruno Rodriqez açıb.

 

Şərhlər

Çox oxunanlar