Azərbaycan hərb tarixində yeni səhifə açır - Kılıç
01.10.2020 21:23 Dünyadan reaksiya 595
Ermənistanın Azərbaycana qarşı hərbi hücumlarının, sadəcə, Dağlıq Qarabağ münaqişəsi kimi başa düşmək yanlışdır. Xüsusilə azərbaycanlı mülki əhalini hədəfə alan bu hücumlar erməni din xadimləri və millətçi dairələrinin uydurduqları saxta “böyük Ermənistan” iddiasının davamıdır.
Reaksiya.az xəbər verir ki, bu fikirləri Azərtac-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin deputatı Yunis Kılıç ifadə edib.
Ermənilərin keçdikləri yüz illik terrorçuluq yolunun hazırda çox təhlükəli bir məcraya çatdığını diqqətə çatdıran deputat deyib:
“Erməni millətçilərinin bir əsrdən çox müddətdə Anadoluda və Qafqazda müsəlman-türk əhaliyə qarşı törətdikləri cinayətləri hazırda Ermənistan dövləti həyata keçirir. Əgər kimsə bunların iddiasının, sadəcə olaraq, Dağlıq Qarabağla yekunlaşdığını düşünürsə, böyük səhv edir. İddia təkcə Qarabağ idisə, o zaman Azərbaycanın bu bölgəyə bitişik əlavə yeddi rayonunu niyə işğal etdilər? Nə üçün Azərbaycanın işğal olunmuş torpaqlarından Tərtər, Goranboy, Horadiz kimi yaşayış məntəqələrini yenidən hədəfə aldılar? 1990-cı illərdə nə üçün bütün istiqamətlərdən Naxçıvana hücum etdilər? İndi erməni lobbisinin illərdən bəri sırtıqcasına dünya ictimaiyyətində formalaşdırdığı yalan rəy kökündən dağılıb. Əlbəttə ki, ermənilərin Azərbaycana qarşı işğalçılıq siyasətində kənar dəstək amili inkaredilməzir. Lakin 1990-cı illərdə olduğu kimi, hazırda davam edən döyüşlərin də əsas səbəbkarı xəstə erməni təfəkkürüdür”.
Azərbaycan Silahlı Qüvvələrinin cəbhədəki zəfərindən qürur duyduğunu ifadə edən millət vəkili “Hə birimiz Can Azərbaycan yolunda müfəssəl əsgərik və daha qətiyyətli olmalıyıq. Heç kəs unutmasın ki, hazırda gedən döyüşlər Azərbaycan və Türkiyənin yüzilləri əhatə edəcək təhlükəsizliyinin taleyini təmin edir. Azərbaycanın müzəffər Ordusu böyük rəşadətlə Çanaqqala və Sakarya zəfərlərimizə yeni bir səhifə əlavə edəcək. Bütün ümidlər Azərbaycan əsgərinədir. Əminik ki, müzəffər Azərbaycan Ordusu dünya hərb tarixində yeni şanlı səhifə açacaq. Hər birimiz Ordumuzun yanındayıq, tezliklə qələbə müjdəsini gözləyirik”.
Şərhlər