Erməni təxribatları İtaliya mediasında
01.10.2020 23:45 Dünyadan reaksiya 454
Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin nüfuzlu AGİ xəbər agentliyinin jurnalisti Titti Qiammettaya müsahibəsi bu agentlik tərəfindən dərc olunub.
Reaksiya.az xəbər verir ki, diplomat müsahibəsində sentyabrın 27-də səhər saatlarından başlayaraq Azərbaycanın yalnız hərbi mövqelərinin deyil, eyni zamanda, mülki yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələrinin hücumlarına məruz qaldığını bildirib. Bu xüsusda, hazırda Azərbaycan Ordusunun apardığı əməliyyatlar özünümüdafiə hüququ çərçivəsində cavab tədbirləridir. “Məhz Ermənistanın ordusunun belə bir hücumu nəticəsində iki uşaq da daxil olmaqla bir ailənin bütün üzvləri qətlə yetirilib. Bu, Ermənistanın 30 ildir davam etdirdiyi, Dağlıq Qarabağ da daxil olmaqla ərazilərimizin 20 faizinin işğalı ilə nəticələnmiş təcavüzkar siyasətinin davamıdır”, - deyə M.Əhmədzadə bildirib.
Diplomat qeyd edib ki, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə aparılıb və həmin ərazilərdə bir nəfər də olsun azərbaycanlı qalmayıb. Bu, Dağlıq Qarabağ bölgəsini Azərbaycanın bir hissəsi kimi tanıyan və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal çıxarılmasını tələb edən BMT-nin dörd qətnaməsinin pozulması deməkdir. M.Əhmədzadə vurğulayıb ki, əvvəlki cinayətkar hərbi xuntanı devirən Nikol Paşinyanın hakimiyyətə gəlişi ilə Ermənistanda rəhbərlik dəyişikliyi əvvəllər münaqişənin həllində müəyyən ümidlərə yol açsa da, Ermənistan baş naziri ölkədə inkişaf vədləri yerinə yetirmək iqtidarında ola bilməməsi və xalqının narazılığı fonunda münaqişə ilə bağlı mövqeyini radikallaşdırdı.
“Azərbaycan Ordusu bizim ərazilərimizdə və torpaqlarımızı qanunsuz işğaldan azad etmək, mülki əhalimizi qorumaq üçün döyüşür və Ordumuzun digər ölkələrin ərazilərində hər hansı hədəfi yoxdur”, - deyən diplomat bildirib ki, buna görə də dünya ictimaiyyətinin Ermənistanın təcavüzkar, Azərbaycanın isə yalnız qurban olduğunu başa düşməsi vacibdir. “Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik olan, münaqişəyə qədər yalnız azərbaycanlıların yaşadığı yeddi rayon daxil olmaqla ərazilərimizin 20 faizini hərbi yolla işğal edib. Bu işğal 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə səbəb olan dramatik humanitar fəlakətə gətirib çıxarıb”, - deyə M.Əhmədzadə vurğulayıb ki, Azərbaycan İtaliya da daxil olmaqla bütün beynəlxalq ictimaiyyətə öz ərazi bütövlüyünün bərpası, azərbaycanlı qaçqın və məcburi köçkünlərin Ermənistan tərəfindən işğal edilmiş torpaqlara geri qaytarılmasına dəstək göstərməsi üçün çağırış edir.
“İyulda Cənub Qaz Dəhlizinin tam fəaliyyətə başlamasına bir neçə ay qalmış Azərbaycanın Ermənistanla dövlət sərhədində yerləşən və bütün enerji infrastruktur layihələrinin keçdiyi Tovuz rayonunda Ermənistanın hərbi təxribatları təsadüfi deyildir və bu, Avropa və İtaliya üçün strateji əhəmiyyəti olan bu layihələrin fəaliyyətinə Ermənistanın mane olmaq niyyəti ilə bağlıdır”, - deyə diplomat qeyd edib.
İtaliyanın münaqişənin həllinə verə biləcəyi töhfəyə münasibət bildirən M.Əhmədzadə 1993-cü ildə bu ölkənin o vaxtkı Xarici İşlər nazirinin müavini, ATƏM-in (indiki ATƏT) Minsk konfransının sədri Mario Raffaelli tərəfindən Ermənistanın işğalçı qüvvələrinin geri çəkilməsi üçün təklif hazırlandığını xatırladıb, lakin bu təklifin Ermənistan tərəfindən qəbul edilmədiyini bildirib. Diplomat qeyd edib ki, İtaliyanın münaqişə ilə bağlı institusional yaddaşı var. Digər tərəfdən, İtaliyanın regionla, xüsusilə də böyük iqtisadi maraqları olduğu Azərbaycanla sıx münasibətləri var. İtaliya və Azərbaycan illərdir ki, siyasətdən iqtisadiyyata, mədəni və akademik sahələrə qədər bütün sahələrdə əməkdaşlığı əhatə edən strateji tərəfdaşdırlar. Bu ilin fevralında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri həyata keçirilib və səfər vaxtı Baş Nazir Cüzeppe Konte ilə “Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə” də daxil olmaqla, ümumilikdə, 28 ikitərəfli sənəd imzalandı. Sözügedən Birgə Bəyannamə Azərbaycan Respublikasının Prezidenti tərəfindən münasibətlərimizin bütün sahələrini əhatə edən və gələcək əməkdaşlığımızın əsas prioritetlərini müəyyənləşdirən son dərəcə ciddi, hərtərəfli və ətraflı bir siyasi sənəd olaraq qiymətləndirilib”, - deyə diplomat vurğulayıb.
M.Əhmədzadə bildirib ki, münaqişənin həlli üçün qurban və təcavüzkar arasında fərq qoyulmalıdır, Ermənistanı təcavüzkar siyasətindən imtina edib Azərbaycan ərazilərindən geri çəkilməyə məcbur etmək beynəlxalq ictimaiyyətin və Minsk qrupunun, o cümlədən İtaliyanın üzərinə düşür. “Təcrübə onu göstərir ki, münaqişə tərəflərinə tarazlı yanaşmaq və onları eyni səviyyə qoymaq heç bir nəticə vermədi, əksinə, son günlərdə baş verən hadisələrin göstərdiyi kimi, Ermənistanın təcavüzkarlıq siyasətini və beynəlxalq hüquqa hörmətsizliyini təsdiqlədi”, - deyə səfir qeyd edib.
Yazıda, eyni zamanda, jurnalist Titti Qiammetta qeyd edir ki, Azərbaycan strateji tərəfdaş və Avropa üçün mümkün yeni qaz mərkəzi olan İtaliyaya Ermənistanla Dağlıq Qarabağ münaqişəsinin həllində müttəfiq kimi yanaşır. Jurnalist əlavə edir ki, İtaliyadan Azərbaycanın sərhədləri daxilində Dağlıq Qarabağ bölgəsinə muxtariyyət statusu üçün istinad nöqtəsi ola biləcək “Trentino Alto Adice” kimi muxtariyyət modeli təklifi gələ və İtaliya bu məsələyə intensiv formada cəlb oluna bilər. T.Qiammetta, həmçinin qeyd edir ki, İtaliya həm də özünün əsas neft tədarükçüsü olan Azərbaycanın əsas ticarət tərəfdaşıdır və bu il Cənub Qaz Dəhlizinin tamamlanması sayəsində bu ölkə Avropa üçün enerji mərkəzi rolunu qazana bilər. Jurnalist, eyni zamanda, qeyd edib ki, İtaliya Azərbaycan üçün strateji bir ölkədir. Siyasi səviyyədə məhz İtaliya indi Minsk qrupu adlandırılan ATƏT-in Minsk Konfransının ilk sədri olub.
T. Qiammetta vurğulayıb ki, hazırda yalnız Qafqazdakı sabitlik deyil, eyni zamanda, Puliya regionuna çatacaq TAP (Trans Adriatik Boru Kəməri) və Bakı-Tbilisi-Ceyhan neft kəməri kimi Cənub Qaz Dəhlizinin infrastruktur layihələri də risk altındadir. Hər iki layihə Avropaya və İtaliyaya böyük miqdarda qaz və neft tədarük etməlidir. Cənub Qaz Dəhlizi başa çatdıqdan sonra Azərbaycan da İtaliyaya qaz tədarük etməyə başlayacaq. TAP işə salındıqda isə Puliya sahillərinə hər il 8 milyard kubmetr qaz gələcək.
“Bu səbəbdən də indi hər şeydən əvvəl enerji ehtiyaclarını risk altına atan böhrana həll yolu tapılmalıdır”, - deyə jurnalist fikirlərini tamamlayıb.
Şərhlər