Bosniya və Herseqovina XİN-dən Azərbaycana DƏSTƏK

04.10.2020 09:01     Dünyadan reaksiya     550

Bosniya və Herseqovinanın Nazirlər Şurasının sədr müavini, Xarici İşlər naziri xanım Bisera Turkoviçin “Radiosarajevo.ba” radiosuna müsahibə verib.

Reaksiya.az Unikal.org-a istinadən xəbər verir ki, müsahibədə dost ölkənin siyasətçisi Azərbaycanın ədalətli mövqeyini bir daha dəstəkləyib.

“Dağlıq Qarabağ bölgəsi ilə bağlı məsələyə gəldikdə, mövqeyimiz budur ki, biz, BMT-nin bütün qətnamələrini və beynəlxalq təşkilatların digər aktlarını dəstəkləyirik. Bosniya və Herseqovinanın Parlament Assambleyasının Xalqlar Palatasında Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət və dəstək adlı qətnamə qəbul edilib. Hər kəs bu qətnamənin lehinə səs verib. Bu qətnamə ilə beynəlxalq təşkilatların bütün tövsiyələrinin, qətnamələrinin və bəyannamələrinin, xüsusən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin (822, 853, 874 və 884 saylı qətnamələr) yerinə yetirilməsinə, eyni zamanda Ermənistan hərbi birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən təcili, tam və qeyd-şərtsiz çıxarılmasına çağırış etdik. Beləliklə, bu, xarici siyasətə sadiq olduğumuz ümumi mövqeyimizdir. Bosniya və Herseqovina gələcəkdə də beynəlxalq hüququ, ilk növbədə ədaləti, eyni zamanda qəbul edilən bütün beynəlxalq və daxili qətnamələri rəhbər tutacaq”, - deyə Bisera Turkoviç müsahibəsində qeyd edib.

Xatırladaq ki, B.Turkoviçin bəhs etdiyi Xalqlar Palatasının məlum qətnaməsi 2013-cü ilin fevralın 26-da qəbul edilib.

Reaksiya.az

Şərhlər