ABŞ Konqresinə Qarabağ müharibəsi ilə bağlı - Müraciət
09.10.2020 22:51 Dünyadan reaksiya 536
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) ABŞ Konqresinin Nümayəndələr Palatasına müraciət ünvanlayıb.
AHİK-in mətbuat xidmətindən Reaksiya.az-a bildiriblər ki, müraciətdə ABŞ Konqresinin üzvü Cek Speyer tərəfindən oktyabrın 1-də ABŞ Konqresinə təqdim olunan 1165 saylı qətnamə layihəsi ilə əlaqədar böyük narahatlıq doğurduğu bildirib.
Müraciətdən, həmçinin deyilib: “Bu qətnamə layihəsindəki müddəalar BMT Təhlükəsizlik Şurasının müvafiq nizamnamələrini kobud şəkildə pozur və uzun illər ərzində ABŞ ilə Azərbaycan arasında qurulan qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinə tamamilə ziddir.
Azərbaycanın ABŞ da daxil olmaqla dünyanın bütün ölkələri tərəfindən tanınan ərazi bütövlüyü qəsdən pozulur və ərazimizin 20 faizi 30 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır.
Bildiyiniz kimi, sentyabrın 27-dən Ermənistan silahlı qüvvələri iriçaplı silahlardan, minaatanlardan, müxtəlif artilleriya qurğularından istifadə etməklə cəbhə xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücum edərək genişmiqyaslı təxribatlar törədib. İşğalçı qüvvələr bu təxribatlar çərçivəsində açıq şəkildə və qəsdən mülki əhalini qətlə yetirir, uşaq bağçalarını, məktəbləri, xəstəxanaları hədəfə alır.
Oktyabrın 7-dək Ermənistanın öz ərazisindən torpaqlarımıza atdığı top və raket mərmiləri nəticəsində 25 azərbaycanlı mülki şəxs öldürülüb, 127 nəfər yaralanıb, 500-dən çox yaşayış binası və mülki obyekt məhv edilib. Ermənistan silahlı qüvvələrinin bölmələri münaqişə zonasından uzaqda yerləşən və əhalinin sıx məskunlaşdığı Gəncə, Mingəçevir, Goranboy, Naftalan, Yevlax, Ağcabədi, Beyləqan, Bərdə, Şəmkir, Xızı və Abşeron şəhər və rayonlarını intensiv şəkildə atəşə tutur.
Ermənistan silahlı qüvvələri tərəfindən nəhəng su anbarı və elektrik stansiyası yerləşən Mingəçevir şəhərinə iki raket hücumu edilib. Azərbaycanın beş yüz mindən çox əhalisi olan ikinci böyük şəhəri Gəncəyə müvafiq beynəlxalq konvensiyalar tərəfindən qadağan edilmiş klaster bombaları atılıb.
Təxribat xarakterli bu hərəkətlərlə Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini, beynəlxalq humanitar hüququ pozur və digər ölkələri münaqişəyə cəlb etməyə çalışır.
Beynəlxalq sülhün və təhlükəsizliyin əsas təminatçısı olan BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsinə dair 822, 853, 874 və 884 (1993) saylı qətnamələrində açıq şəkildə tələb olunur ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmalıdır.
Bu qətnamələrdə Azərbaycana qarşı həyata keçirilən təcavüzkar addımlar qınanır, münaqişə tərəfi olmayan mülki şəxslərin qorunmasının vacibliyi və ərazi əldə etmək üçün güc tətbiqinin yolverilməz olduğu vurğulanır, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığı dəstəklənir.
Danılmaz faktdır ki, erməni lobbisinin xidmətlərindən istifadə edən Ermənistan Azərbaycana qarşı işğalçı və təcavüzkar niyyətlərini beynəlxalq aləmdə, o cümlədən ABŞ Konqresində pərdələməyə çalışır, erməniləri məzlum, köməksiz xalq kimi qələmə verir.
Erməni lobbi qrupları Azərbaycan və Türkiyəyə qarşı qərəzli münasibət formalaşdırırlar. 1165 saylı qətnamə layihəsi də buna sübutdur.
Subyektiv və ədalətsiz qətnamə layihəsi ABŞ-ın Cənubi Qafqaz bölgəsindəki enerji və təhlükəsizlik maraqlarına birbaşa təhlükə yaradır.
İnanırıq ki, ABŞ Konqresi təklif olunan 1165 saylı qətnamə layihəsini rədd edərək, ABŞ və Azərbaycan arasındakı uzunmüddətli əməkdaşlıq prinsiplərinə, hər iki dövlətin milli maraqlarına sadiqliyini nümayiş etdirəcək”.
Şərhlər