İstanbulda Azərbaycana dəstək aksiyası keçirilib
12.10.2020 00:45 Dünyadan reaksiya 669
Oktyabrın 11-də İstanbulun Bağcılar rayonunda yerləşən Azərbaycan dostluq parkında ölkəmizə dəstək məqsədilə növbəti aksiya keçirilib.
Reaksiya.az xəbər verir ki, tədbir Türkiyədə fəaliyyət göstərən “Hazarfem” Xəzər Folklor Tədris və Araşdırma Mərkəzi tərəfindən təşkil olunub.
Aksiyada ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, “Hazarfem”in rəhbəri Nuran Acar, İstanbulun bəzi dövlət qürumlarının əməkdaşları, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edənlər Ermənistan silahlı qüvvələri tərəfindən sentyabrın 27-dən başlayaraq Azərbaycanın Dağlıq Qarabağ və digər bölgələrində atəşkəsin pozulmasını, həmçinin ağır silahlardan istifadə edilməklə Azərbaycanın yaşayış məntəqələrinin və hərbi birləşmələrinin hədəfə alınmasını şiddətlə qınadıqlarını bildiriblər. Vurğulanıb ki, son təxribatlar bir daha bölgədə sülhə və əmin-amanlığa ən böyük maneənin Ermənistan olduğunu sübut edir.
Çıxışçılar beynəlxalq hüquqdan irəli gələn özünümüdafiə hüququ çərçivəsində xalqını və ərazi bütövlüyünü qoruyan Azərbaycan Ordusunu bu haqlı mübarizəsində tam dəstəklədiklərini vurğulayıblar. Qeyd edilib ki, artıq otuz ilə yaxındır Azərbaycanın Dağlıq Qarabağ bölgəsi Ermənistanın işğalı altındadır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası və ATƏT-in qərarlarına uyğun olaraq bu haqsız işğala son qoyulmasını tələb edirik. Beynəlxalq ictimaiyyəti bu günə qədər Ermənistanın işğalı və hücumlarına məruz qalan Azərbaycanın yanında olmağa dəvət edirik.
Aksiyada qardaş Azərbaycana dəstək bəyanatı oxunub.
Tədbirdə Azərbaycan və Türkiyə bayraqları dalğalandırılıb, ölkəmizə dəstək şüarları səsləndirilib.
Şərhlər