Bu, rəsmi İrəvanın günahı kimi qalacaq - Savelyev

12.10.2020 11:14     Dünyadan reaksiya     544

Aşkardır ki, Dağlıq Qarabağ münaqişəsinin “qaynar mərhələ”yə keçməsi danışıqlar prosesini pozmuş Ermənistanın rəsmi hakimiyyət orqanlarının əməllərinin nəticəsidir.

Reaksiya.az xəbər verir ki, bu sözləri RF Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev Azərtac-a müsahibəsində deyib.

Deputat qeyd edib ki, bütün dünya birliyi bu münaqişənin hərbi mərhələdən diplomatik müstəviyə keçməsini, qan tökülməsinə son qoyulmasını səbirsizliklə gözləyirdi. Siyasətçi deyib:

“Nəhayət, Moskvada atəşkəs barədə razılığa gəlmək mümkün oldu. Bütün dünya birliyi bu diplomatik irəliləyişi ürəkdən alqışlayırdı, belə bir ümid yaranmışdı ki, Azərbaycanın haqlı tələbləri nəhayət, təmin ediləcək, işğal altında olan torpaqlar azad ediləcək, qaçqınlar öz evlərinə qayıdacaq və Dağlıq Qarabağın statusunun müəyyən edilməsi üzrə dinc referendum prosesi başlanacaq”.

D.Savelyev bu ümidlərin doğrulmamasına görə təəssüfləndiyini bildirib. Rusiyalı deputat vurğulayıb:

“Səmimi, istiqanlı insanların yaşadığı gözəl Gəncə şəhərinin atəşə tutulması, bu zaman 9 nəfərin həlak olması, daha 34 nəfərin yaralanması rəsmi Ermənistanın günahı kimi qalacaq. Şəhərin atəşə tutulmasından sonra sosial şəbəkələrdə yerləşdirilmiş kadrlarda dağıdılmış evləri görəndə insanın ürəyi sıxılır. Dinc şəhərlərin və onların sakinlərinin hücum obyektlərinə çevrilməsi yolverilməzdir. Bu cür hərəkətlər dünya birliyi tərəfindən qətiyyətlə pislənməlidir. Başı çox bəlalar görmüş Azərbaycan torpağı sülhün bərqərar olmasını gözləyir, bu sülhə nail olmaq üçün bütün diplomatik səylər tətbiq edilməlidir”.

Reaksiya.az

Şərhlər