"Utanıram, Yunanıstanda demokratiya yoxdur" - Deputat
14.08.2015 17:18 Dünyadan reaksiya 2365
Yunanıstan parlamenti ötən gecədən səhər saatlarına qədər gərgin müzakirələrdən sonra 85 milyard avroluq “xilasetmə paketi”ni qəbul edib.
Reaksiya.az xəbər verir ki, paketin qəbulunun lehinə 222 nəfər, əleyhinə isə 64 nəfər səs verib. 11 nəfər isə bitərəf qalıb. İqtidardakı “Syriza” fraksiyasının az qala üçdə biri paketlə bağlı üsyankar mövqe tutub. Rədd səslərinin 31-i “Syriza”lı deputatlardan gəlib.
Baş nazir Aleksis Tsipras parlamentdə çıxışı zamanı bildirib ki, ölkə “həyatda qalma, ya da məhv olma” seçimi ilə üz-üzə qalıb, amma bu paket mövzud şəraitdə ən yaxşı çıxış yoludur.
“Syriza”dan olan başqa bir millət vəkili Panagiotis Lafazanis Tsiprasa etiraz edib: “Sizdən utanıram, artıq burda demokratiya yox, Avrozona diktaturası var”.
Tsipras isə bildirib ki, əldə etdiklərində zəfər durumu yoxdur, amma yas tutacaq bir səbəb də görünmür.
Paketin Avrozonaya daxil olan ölkələrin maliyyə nazirləri tərəfindən də təsdiqlənməsi lazımdır.
Qeyd edək ki, bu paketə görə Yunanıstan xeyli islahatlara və ixtisarlara getməli, sosial xərclərdə qənaətlər etməlidir. Bu isə cəmiyyətdə ciddi narazılıqla qarşılanır.
Şərhlər