Kadırov Makrona görə Peskovla mübahisə etdi
28.10.2020 22:55 Dünyadan reaksiya 551
Çeçenistan lideri Ramzan Kadırov Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskovla Fransanın dövlət başçısı Emmanuel Makrona görə mübahisə edib.
Reaksiya.az Musavat.com-a istinadən xəbər verir ki, buna səbəb çeçen siyasətçinin özünün Teleqram kanalında Fransa prezidentini sərt şəkildə tənqid etməsi olub.
Belə ki, Dmitri Peskov ad çəkmədən, lakin Ramzan Kadırovu nəzərdə tutaraq ölkənin xarici siyasətinin regionların rəhbərləri tərəfindən deyil, yalnız prezident tərəfindən müəyyənləşdirildiyini söyləyib. Bununla mətbuat xidmətinin rəhbəri R.Kadırovun Emmanuel Makronu “terrorizm lideri” adlandırmasından narazılığını ifadə edib.
Kadırov Rusiyanın xarici siyasətinin federal subyektlərin başçılarının səlahiyyətində olmadığı fikri ilə razılaşdığını qəbul edərək, ona bu barədə hansısa dərs keçməyə ehtiyac olmadığını bildirib.
Onun sözlərinə görə, Fransa prezidentini tənqid edərkən siyasətçi kimi deyil, öz dinini sevən müsəlman kimi davranıb.
Çeçen lider Emmanuel Makrona yönəlik sözlərindən vaz keçmədiyini və bunu min dəfə təkrarlamağa hazır olduğunu bildirib.
Şərhlər