Rusiya bunu etsə, Azərbaycanı itirəcək - İsgəndəryan
31.10.2020 01:14 Dünyadan reaksiya 8930
Vladimir Putin “Valday” Klubunun üzvlərinə Qarabağ nizamlanması ilə bağlı yeni bir şey demədi. İclasda bu problemlə peşəkarlıqla məşğul olan mütəxəssislər, ekspertlər və alimlər iştirak edirdilər. Putin Rusiyanın mövqeyini dilə gətirdi, burada yeni bir şey yoxdur.
Reaksiya.az Virtualaz.org-a istinadən bildirir ki, bunu “Qraparak”a verdiyi müsahibəsində Qafqaz İnstitutunun direktoru, tanınmış ekspert Aleksandr İsgəndəryan deyib.
Xatırladaq ki, A.İsgəndəryan V.Putinin Qarabağ problemi ilə bağlı ilk açıqlamasını verdiyi “Valday” Klubunun iclasında iştirak edib.
A. İsgəndəryana görə, Rusiyanın Ermənistana və Azərbaycana münasibətdə siyasəti Moskvanın bu və ya digər ölkənin lehinə seçim etməməsidir. Politoloq Ermənistan cəmiyyətini bu həqiqəti dərk etməyə çağırıb. Rusiyanı Ermənistan kimi, Azərbaycan da maraqlandırır. Müxtəlif cür, fərqli masştablarda, lakin bu ölkələrin hər ikisi onun üçün maraqlıdır. Ölkələrdən birinin lehinə seçim Rusiya üçün başqa bir dövlətin itirilməsi deməkdir. Rusiya son seçimi etsə, hər iki ölkəni itirəcək. Əgər Rusiya açıq şəkildə erməni tərəfinin lehinə seçim edib Ermənistanın tərəfini tutarsa, o zaman Azərbaycan tamamilə Türkiyənin təsirinə düşəcək. Və Rusiya Azərbaycanı əbədi itirəcək.
Mütəxəssisin fikrincə, Türkiyə də Ermənistanı itirmək istəmir․ Strateji olaraq, Türkiyə Ermənistandakı maraqları üçün Rusiya ilə rəqabət aparacaq.
Danışıqlar prosesinin intensivləşmə perspektivini səciyyələndirən A. İsgəndəryan təəssüflə qeyd edib ki, tərəflər humanitar barışığa belə nail ola bilməyiblər. Minsk Qrupu çərçivəsində aparılmış substantiv danışıqlara gəlincə, A. İsgəndəryan hesab edir ki, 2011-ci ildə Kazandan sonra Azərbaycanla Ermənistan arasında danışıqlar həqiqətən dayandırılıb. Politoloq qeyd edib ki, nizamlanma cəhdləri yox idi və indi vəziyyət daha da pisləşib.
Mütəxəssis istənilən halda danışıqlar prosesində vəziyyətin pisləşəcəyini proqnozlaşdırır: "Əgər bunun üçün fürsət yaranarsa, çox şeyi sıfırdan başlamaq lazım gələcək".
Erməni cəmiyyətində Rusiyanın Qarabağ nizamlanmasında rolu ilə bağlı gözləntiləri şərh edən A. İsgəndəryan onları həddən artıq yüksək qiymətləndirir. Rusiya Krımdan Şimali Qafqaza, Liviyadan Zaqafqaziyaya qədər bir çox geopolitik problemi həll edən qlobal bir gücdür. Onun sözlərinə görə, Rusiya Qarabağ münaqişəsinə erməni cəmiyyətinin təsəvvür etdiyindən daha geniş prizmadan yanaşır.
A. İsgəndəryan Rusiyanın münaqişəyə Qarabağ separatçılarının liderinin Vladimir Putinə müraciəti əsasında qarışması ehtimalına da münasibət bildirib:
“Rusiya, istənilən digər ölkə kimi, o zaman ciddi addımlar atır ki, bunun onun öz maraqlarına aid olduğunu düşünür. Rusiya təkcə ona görə reaksiya vermir ki, kimsə ona məktubla müraciət edib. Təsəvvür edin ki, sabah Nikol Paşinyan dünyadakı tanınmamış bir dövlətin başçısından bir məktub alır. Paşinyan buna necə reaksiya verəcək? Ermənistanın maraqlarını əsas götürərək qərar verəcək. Abxaziyada və ya Kosovoda Ermənistanın maraqları varmı?".
A. İsgəndəryan Rusiyanın hazırkı Qarabağ müharibəsinə müdaxilə edəcəyini istisna edib.
Şərhlər