"Tarixi bir gün yaşadıq" - Con Kerri

15.08.2015 14:42     Dünyadan reaksiya     1553

ABŞ-ın Havanadakı səfirliyinin rəsmi açılışı üçün Kubaya səfər edən ABŞ-ın dövlət katibi Con Kerri həmkarı Kuba xarici işlər naziri Bruno Rodriguez ilə görüşüb.

Reaksiya.az xəbər verir ki, keçirilən mətbuat konfransında Rodriguez iki ölkə arasında münasibətlərin normallaşmasında konkret addımlar atılmasını xüsusi vurğulayıb və Kerri ilə bu barədə bir komitə yaradılması məsələsində də razılığa gəldiyini deyib.

Nazir Kuba hökumətinin ABŞ-la normal əlaqələr yaratmaqda istəkli olduqlarını qeyd edib:

"Rəsmi Vaşinqtonla münasibətləri inkişaf etdirməyimiz üçün embarqonun tamamilə qaldırılması, qanunsuz olaraq işğal edilən Quantanamo körfəzinin qaytarılması, Kuba xalqının embarqo səbəbiylə yaşadığı iqtisadi və mənəvi zərərlər üçün təzminat ödənməsi və Kubanın suverenliyinə tam hörmət göstərilməsi lazımdır".

Con Kerri isə Havanada olmaqdan məmnunluğunu dilə gətirərək, tarixi bir gün yaşadıqlarını söyləyib:

"ABŞ və Kuba arasındakı diplomatik münasibətlər 54 il sonra nəhayət ki, bugün yenidən qurulub. Rodriguez ilə görüşümüz də çox konstruktiv və əməkdaşlıq içində keçib”.

Qeyd edək ki, Kerri normal münasibətlərin qurulmasının embarqo və digər məsələlərə bağlı olduğunu, Obama rəhbərliyinin də embarqonun qaldırılmasını dəstəklədiyini xatırladıb.

Şərhlər

Çox oxunanlar