Növbəti müharibənin əsas hədəfi Zəngəzurdur... - Ermənistan panikada
23.11.2020 12:14 Dünyadan reaksiya 1783
“Nikol Paşinyanın Ermənistanın baş naziri vəzifəsinə başladığı ilk gündən istefasını tələb etdim. Bütün bu müddət ərzində danışıqlar prosesinin inkişaf etdiyi şərait barədə ölkəmizin ictimaiyyətini davamlı olaraq məlumatlandırdım ”.
Bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri və Ermənistan prezidentinin Qarabağ nizamlanması üzrə keçmiş xüsusi elçisi (1994-1995) David Şahnazaryan “Sputnik Ermənistan”a verdiyi müsahibəsində bildirib.
David Şahnazaryan qeyd edib ki, “O zaman artıq Paşinyanın Serj Sarkisyanın rədd etdiyi razılaşma layihəsinə nail olmayacağı bəlli idi. Ümumiyyətlə, 1997-ci ildə təklif etdiyimiz münaqişənin mərhələli həll variantını həyata keçirmək mümkün deyildi”.
“Bundan sonra Paşinyan məqsədyönlü və ardıcıl olaraq Azərbaycanı müharibəyə təhrik etdi. Onun belə bir siyasətə sadiqliyi barədə erməni xalqını xəbərdar etdim. Ancaq sonda arzuolunmaz vəziyyətin şahidi olduq”, – deyə o bildirib.
Şahnazaryan əlavə edib ki, “Başımıza gələnlər 1915-ci il soyqırımından sonra xalqımızın tarixində baş verən ən faciəli hadisədir”.
David Şahnazaryana görə, oktyabrın 1-də o artıq Stepanakertdə (Xankəndi) olub:
“Artıq cəbhənin vəziyyəti ilə bağlı bəzi məlumatlara sahib idim, amma orduda ciddi problemlərin olduğunu anladım. Hələ o zaman da göz qabağında idi. Məsələn, könüllülərdən çox zəif istifadə olunurdu. Bu, təbii ki, tamamilə cinayətkar yanaşma idi. Ölkə rəhbərliyinin cəbhədəki vəziyyət barədə əhaliyə məlumat vermə yolu da cinayət idi.
2 və ya 3 oktyabrda Cəbrayılı itirmişdik. Moskva artıq Paşinyana döyüşləri dayandırmaq üçün təklifləri göndərirdi. Yeri gəlmişkən, döyüş əməliyyatları zamanı Moskvadan gələn ən azı 4 təklifdən xəbərim var.
Düşmən irəlilədikcə, şərtlər hər dəfə daha da pisləşdi. Bütün bu müddətdə isə vəziyyət cəmiyyətə elə bir şəkildə təqdim edildi ki, guya biz qalib gələcəyik, hücum edirik… O zaman da hərbi qərarların komandanlıq bunkerində verildiyi açıq idi. Təxminən desək, ordu siyasətçilər tərəfindən idarə olunurdu …
Xatırlayıram ki, 6 oktyabrda bir yerdə Baş nazir yüksək səslə əks-hücum hazırladığımızı və böyük bir qələbə astanasında olduğumuzu elan etdi. Düşmənin sürətli bir məğlubiyyətinə söz verdi. Cəbrayılda hazırlanan əks-hücumdan bəhs olunurdu. Bu açıq siyasi sifariş idi. Paşinyandan Baş Qərargaha, generallara gələn təzyiq idi. Bəzi generallar inadla etiraz etdilər və heç bir halda bunun edilməməli olduğunu söylədilər.
Bu vəziyyətdə yeni müdafiə mövqeləri, birinci, ikinci, üçüncü müdafiə xətləri hazırlamaq lazım idi. Hər şey aydın idi. Ən əsası, döyüş meydanında hava hücumundan müdafiə sistemimiz demək olar ki, dağıdılmışdı. İsrail pilotsuz təyyarələri zirehli maşınlarımızı tamamilə məhv etmişdi.
Təkcə mən yox, həm də mütəxəssislər ordumuzun onurğa sütununun məhz bu siyasi əməliyyat zamanı qırıldığına əmindir. Ermənistan hakimiyyətinin fəaliyyəti bütün müharibə qanunlarına zidd idi.
Ordu hər zaman geri çəkilirdi. Əgər Paşinyan döyüş əməliyyatlarını vaxtında dayandırsaydı, belə fəlakətli nəticələr olmazdı”.
David Şahnazaryan İrəvanda böyük miqyaslı kütləvi etirazlar gözlədiyini etiraf etsə də, tamam başqa bir vəziyyətlə rastlaşdığını deyib.
“Bu, baş vermədi. Ötən gün dostlar məndən vəziyyəti ətraflı izah etməyimi istədi. Məndən soruşdular ki, hazırda nə baş verir? Onlara dedim ki, Şuşada indi muğam çalınır. Mənə elə gəlir ki, bu cavabdan sonra hamıya hər şey aydın olar.
Bu, həqiqətən utancverici bir təslimdir, amma ən dəhşətlisi budur ki, indi də Paşinyan və komandası iqtidardan yapışırlar. Cəmiyyətimizə elə gəlir ki, müharibənin bitdiyi yer budur. Əslində müharibədə fasilə elan edildi. Rus sülhməramlılarının gəlişini alqışlayırıq. Ancaq növbəti müharibənin əsas mövzusu Syunikdir (Zəngəzur – red).(yenisabah)
Şərhlər