ABŞ-la AB-nin Çin savaşı qızışır
23.12.2020 13:44 Dünyadan reaksiya 429
Avropa texnologiya şirkətlərinin rəhbərləri və Avropa Birliyi diplomatları hesab edirlər ki, ABŞ-ın Çinə qarşı birtərəfli sanksiyaları şirkətlərin Çin bazarlarına girişini qapadır və bu da Amerika şirkətlərinin üstünlük əldə etməsiylə nəticələnir.
Reaksiya.az xəbər verir ki, bu məlumatı “Faynənşl Tayms” qəzeti yayıb.
Qəzetə danışan, amma adının gizli qalmasını istəyən Avropanın aparıcı şirkət rəhbərlərindən biri Vaşinqtonun sanksiya rejiminin “ABŞ hər şeydən öncə” ticarət siyasətinə uyğun gəldiyini bildirib. O, bunun sayəsində ABŞ şirkətlərinə Çinlə işləməyə imkan yaradıldığını, amma digər şirkətlərin Çin bazarını tərk etməyə məcbur ediliyini açıqlayıb.
“Faynənşl Tayms” ABŞ sanksiyaları nəticəsində Avropanın mikrosxem və avadanlıq istehsalçılarının ABŞ sanksiyaları altına düşmə təhlükəsi ilə üz-üzə qaldıqlarını bildirib. Belə ki, bu şirkətlərin ABŞ-ın intellektual mülkü haqqından asılı olduqları qeyd edilib. Bununla belə amerikalıların hərbi məqsədlər üçün istifadə ediləcək şübhəsi ilə Çinə tədarükə qadağa qoyduqları Avropa şirkətlərinin yerini dərhal özlərinin doldurduğu vurğulanıb.
Məqalədə AB-nin artıq bunun üçün addımlar atmağa başladığı bildirilib. Belə ki, dekabrın əvvəlində AB-nin 17 üzvü prosessorlar və yarımkeçirici texnologiyalar sahəsində Avropa təşəbbüsü elan ediblər. Bu plana əsasən, AB-nin iqtisadiyyatın bərpası üçün yaratdığı 750 milyard avroluq fondun beşdə bir hissəsi yaxın iki-üç il ərzində yarımkeçiricilər sahəsində tədqiqatlara yönləndirilməlidir.
“Bu təşəbbüs göstərir ki, Avropa hökumətləri Amerika texnologiyalarından daha az asılı olmaq istəyirlər, amma bu hədəfə çatmaq üçün çox zaman lazımdır. Bu prosesi ABŞ sanksiyaları sürətləndirib. Avropa şirkətləri üçün Çin o qədər böyük bazardır ki, onlar o bazara yol tapmalıdırlar”, – deyə adını çəkilməsini istəməyən AB diplomatlarından biri deyib.(axar)
Şərhlər