Kurqinyanın rus kanalında inanılmaz həyasızlığı: Şuşa...
25.01.2021 14:06 Dünyadan reaksiya 628
Ötən gün Rusiyanın TVC (ТВЦ) kanalının “Bilmək haqqı” (Право знать!) verilişində çıxış edən erməni əsilli rusiyalı analitik və hərəkat lideri Sergey Kurqinyanın İkinci Qarabağ müharibəsi ilə bağlı həyasızcasına danışdığı yalanlar sosial şəbəkələrdə yayılmışdı, bu gün isə artıq erməni mediasında tirajlanmağa başlayıb.
Məsələ ondadır ki, Şuşanın erməni işğalından azad edilməsi faktını və ümumiyyətlə, Qarabağdakı son dərəcə ağır məğlubiyyəti ört-basdır etməyə, məğlubiyyəti yalnız bir nəfərin adına yazmağa çalışan erməni həyasız guya fakt gətirib, deyir ki, Şuşanı götürənlərə (guya təkrar hücum edənlərə) geri çəkilmək tapşırığı verilir, səbəb kimi isə şəhərə “İsgəndər”lərlə zərbə endiriləcəyi göstərilir. “Ermənilər geri çəkildikdən sonra Şuşanın verildiyi elan edilir”, - Kurqinyan deyir.
Bu, dünyanın hərb tarixinin ən şanlı əməliyyatını həyata keçirən Azərbaycan Ordusunun qüdrətini həzm edə bilməyən erməni politoloqun həyasız və əxlaqsız açıqlamasından başqa bir şey deyil. Şuşanı ən yüngül silahlarla, sıldırım qayanı dırmaşaraq azad edən Azərbaycan oğullarının inanılmaz qəhrəmanlığı haqda Şuşada olan erməni əsgərlərin özləri saysız-hesabsız açıqlamalar veriblər və bunları erməni mediası tirajlayıb. Azərbaycan əsgərlərinin şəhidini və yaralısını çiyninə alaraq, sıldırım qayanı dırmaşıb, Şuşaya girməsindən ermənilər sadəcə dəhşətə gəlmişdilər. Onlar güllə dəysə belə, yenə də hücuma davam edən Azərbaycan əsgərini “robot”, “terminator”, hətta “ruh” adlandırıb, gördükləri qəhrəmanlığın miqyasını təsəvvür belə etmədiklərini deyirdilər.
Azərbaycan Ordusunun misilsiz əməliyyatına və ruhumuzun paytaxtı Şuşanı xilas etmək üçün Azərbaycan əsgərlərinin göstərdiyi fantastik rəşadətə kölgə salmağa çalışan Kurqinyan isə guya ermənilərin Paşinyanın əmri ilə geri çəkildiyi haqda nağıl uydurmaqla, darmadağın olmuş erməni döyüş ruhuna öz aləmində “məlhəm” qoymağa çalışır.
Kurqinyanın həyasızlığı o həddə çatır ki, verilişdə Ermənistanın Qarabağa heç bir yardım etmədiyini, Qarabağda “özünümüdafiə ordusunun” döyüşdüyünü dilə gətirir. Abırsızlığın və utanmazlığın sərhədlərini aşan Kurqinyan iddia edir ki, hətta “dqr ordusu” Azərbaycan-türk ordularının hücumuna cavab vermək iqtidarında idi, yalnız Ermənistanın xəyanətkar rəhbəri Paşinyan torpaqları satmışdı və hər şey edirdi ki, Azərbaycan ordusu istəyinə çatsın.
Bəs, Ermənistan ordusu Qarabağda vuruşmurdusa, Qarabağda qırılanlar kim idi? Onlar harda basdırılıb? Ermənistanda hər gün itkin əsgərlərin valideynləri niyə aksiya keçirir? Qarabağda Ermənistana daşınan yaralı əsgər və meyitlərin sayı Ermənistanın Qarabağda vuruşmadığının göstəricisidir?
Kurqinyanı dinləyənlər doğrudanmı cəmi 60 min erməninin yaşadığı, total səfərbərlik halında belə 5-6 min silahlı-terrorçu toplaya biləcək bir geydirmə qurumun 10 milyonluq xalqın qismən səfərbərlik halında belə 500 min əsgər çıxarmaq imkanına malik olan Ordusunun qarşısında 44 gün tab gətirdiyini düşünür?
Qarabağda nə qədər silah-sursat vardı, bunu sadəcə, təsəvvür etmək belə olmur. Məhv edilən erməni hərbi birliklərinin silah anbarından çıxan silahlar bütün dünyaya nümayiş etdirilib: nə qədərini atmışdılar, nə qədəri məhv edilmişdi – bunlar ayrı, sadəcə Azərbaycan ordusunun ələ keçirdiyi silah-sursat saysız-hesabsızdır. Bu qədər silah-sursatın müqabilində Ermənistana dünyanın müxtəlif ölkələrindən, o cümlədən Rusiyadan göndərilən çoxsaylı silahların Qarabağa göndərilmədiyini, “satqının əmri ilə Ermənistanda dondurulduğunu” yalnız Kurqinyan deyə bilər.
Şuşanın azad edilməsi ilə Ermənistanın kapitulyasiya imzalamağa məcbur olmasını qəbul etməyən Kurqinyan rus kanalında bildirir ki, “Şuşanın nə dəxli”? Guya Şuşa getsə də, döyüşü davam etdirmək mümkün idi.
Halbuki Azərbaycan Ordusu Xankəndinin 2-3 kilometrliyində idi və xarici media Şuşadan erməni əsgərlərinin necə qaçdığını, Azərbaycan ordusunun Şuşanı necə götürdüyünü, saysız-hesabsız meyit və yaralıların necə daşındığını canlı göstərmiş, Azərbaycan Ordusunun artıq Xankəndiyə girməyə hazırlaşdığını bildirmişdi.
Xankəndidə bir dənə də erməni qalmadığı da erməni mediasının yaydığı videodan aydın görünürdü.
Bütün məğlubiyyəti Paşinyanın üzərinə yükləmək öz işləridir – canları cəhənnəm. Ancaq bu qədər yalanı demək, guya Qarabağda Ermənistan ordusunun döyüşmədiyini bildirmək, Şuşanı “götürən” ermənilərin geri çəkilməsinin əmr edildiyini uydurmaq və bunu deyərkən utanmamaq üçün yalnız erməni olmaq lazımdır.
Azərbaycan Ordusu cəmi 44 gün müddətində erməni ordusunu darmadağın etdi, onun havadarlarının bağışladığı silahların böyük hissəsini məhv etdi, bir qismini qənimət olaraq götürdü;
Azərbaycan Ordusu nəyə qadir olduğunu 44 gün müddətində təkcə Ermənistana deyil, bütün dünyaya göstərdi və əgər Rusiya müdaxilə etməsə, qısa müddətdə sülhəməməcburetmə əməliyyatı çərçivəsində müharibə Ermənistanın sərhədləri daxilinə keçə bilərdi.
Azərbaycan Ordusu Ermənistanın daxilində döyüş mövqelərinə çıxarılan və mülki əhalini vurmaq istəyən “İsgəndər”i, S-300-ü məhv etdi və bunu KTMT-yə də göndərdi. Ona görə də KTMT Ermənistana sərhədləri daxilində zərbə endirilsə də, reaksiya vermədi.
Bu faktları ermənilər də yaxşı bilir: ona görə Paşinyana qarşı aksiyalarda xalq küçələrə çıxmır, yalnız 10-15 min müxalifət və müxalifət partiyalarının üzvləri “istefa” tələb edə bilirlər. Çünki erməni xalqı gördüyünü gördü və istəyərsə, bir daha görəcək.
Kurqinyan kimi həyasızlar isə xalqını qızışdırmaqla, onlarda “döyüş ruhu” yaratmağa çalışmaqla, erməniləri növbəti məhvolmaya sürükləyirlər. Rusiyada oturub, Qarabağ müharibəsini təhlil etməyə girişən bu həyasız Azərbaycanın ərazi bütövlüyü naminə Azərbaycan əsgərlərinin nələrdən keçdiyini təsəvvür edə bilməz.
Təsəvvür etmək istəyirsə, getsin Ermənistana! Orda onu başa salarlar İkinci Qarabağ savaşında nələr yaşanıb...(axar)
Şərhlər