Dövlət Baxçalı: “Şuşada məktəb tikintisi ilə bağlı təklifimiz Azərbaycan və Türkiyə dövlət başçıları tərəfindən razılıqla qarşılanıb”

26.01.2021 12:59     Dünyadan reaksiya     633

“Ermənistanın işğalından azad edilən qədim mədəniyyət mərkəzimiz Şuşada məktəb tikintisi üçün münasib yer seçiləcək və bundan sonra məktəbin təməli qoyulacaq, xeyirli olsun!”

Reaksiya.az-ın xəbərinə görə, bunu Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı partiyasının qrup iclasında çıxışı zamanı deyib. 

MHP sədri bildirib ki, Şuşada Üzeyir Hacıbəyov adına məktəbin inşası ilə bağlı təklif Azərbaycan və Türkiyə dövlət başçıları tərəfindən razılıqla qarşılanıb.

 

“Cənab prezidentimiz Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti cənab İlham Əliyevin qarşılıqlı razılığı ilə Şuşada məktəb tikintisi ilə bağlı layihəmiz təsdiq olunub. Bu həssas məsələyə diqqət göstərdiklərinə görə hər iki dövlət başçısına təşəkkür edirəm. Layihənin hər mərhələsi haqqında hörmətli prezidentlərimizə məlumat veriləcək”, - deyə D. Baxçalı vurğulayıb.

O qeyd edib ki, qarşıdakı günlərdə məktəbin təməlqoyma mərasiminin keçirilməsi planlaşdırılır. MHP sədri məktəbin layihəsinin ilkin variantını da nümayiş etdirib və əlavə edib ki, inşa işləri başa çatan kimi təhsil müəssisəsi Azərbaycan Respublikasına təhvil veriləcək. 

Qeyd edək ki, MHP sədrinin göstərişi ilə 10 gün öncə Şuşada "Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfi" tərəfindən Üzeyir Hacıbəyovun adını daşıyan məktəbin inşa edilməsi təklif edilib.

Reaksiya.az

Şərhlər