Moskvada “Yeddi gözəl” baleti nümayiş olunub - FOTO
10.02.2021 13:06 Dünyadan reaksiya 906
Dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baleti Moskvada yeni quruluşda nümayiş olunub.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, tamaşanı Moskva vilayəti Dövlət Akademik Balet Teatrı Moskva Quberniya Teatrının səhnəsində təqdim edib.
Balet Qara Qarayevin anadan olmasının 103-cü ildönümü və Nizami Gəncəvinin 880 illiyi münasibətilə tamaşaçılara yeni quruluşda nümayiş olunub.
Məşhur baletmeysterlər, Azərbaycanın Xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədovun senarisi əsasında tərtib edilən tamaşanın yeni quruluşu Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının sabiq solisti, Azərbaycanın və Rusiyanın Əməkdar artisti, “Russkiy balet” Teatrının baletmeysteri Vitali Axundova məxsusdur.
“Russkiy balet” Teatrı bədii rəhbərinin köməkçisi Viktoriya Axundova teatrın solistlərinin “Yeddi gözəl” baletində obrazları sevə-sevə ifa etdiklərini söyləyib: “Rusiya tamaşaçıları da görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin dahi Nizaminin poeması əsasında yaratdığı baleti heyranlıqla izləyirlər”.
Qeyd edək ki, “Yeddi gözəl” baleti Moskva Quberniya Teatrının səhnəsində martın 30-da bir daha nümayiş etdiriləcək.
Şərhlər