Ermənistanda bütün sabiqlər hərəkətə keçdi - Rusiya planı
11.02.2021 14:59 Dünyadan reaksiya 1001
Robert Köçəryanın Moskva səfərindən sonra Serj Sərkisyan da siyasi proseslərə fəal şəkildə qoşulduğunu nümayiş etdirmək üçün hərəkətə keçib.
Reaksiya.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri politoloq Elçin Mirzəbəyli açıqlamasında deyib.
"Ermənistanın üçüncü prezidenti, hərbi cinayətkar Serj Azatoviç dünən Ermənistanın Respublika meydanında davamlı etiraz aksiyası keçirən “Vətənin xilası hərəkatı”nın çadırına gedərək, nümayişçilərə dəstəyini ifadə edib.
Maraqlıdır ki, son bir neçə gün ərzində, yəni Robert Köçəryan Moskvadan qayıtdıqdan sonra Ermənistandakı bütün “eks”lər hərəkətə gəliblər. Hətta uzun müddət sükuta qərq olanlar da. Onların böyük əksəriyyətinin Ermənistanda hansısa gizli sorğunun keçirilməsindən və sorğunun nəticələrinə görə, Köçəryanın reytinqinin Paşinyandan yüksək olmasından danışmaları da diqqət çəkir. Diqqət çəkən məqamlardan biri də erməni mediasında Robert Köçəryanın hakimiyyətdə olduğu dövrlə indiki dövr arasında sosial, iqtisadi və digər sahələr üzrə statistik rəqəmlərə istinad edilməklə müqayisə aparılmasıdır. Ermənistanda Robert Köçəryanın təbliğatına başlanılıb və Serj Sərkisyanın faktiki olaraq etirazçılara qoşulduğunu nümayiş etdirən son hərəkəti də çox güman ki, bununla bağlıdır”.
Politoloqun sözlərinə görə, düymə eyni mərkəzdən basılıb. Rusiya mediası Robert Köçəryanın fəal siyasətə qayıdışını, yaxud qaytarılmasını Moskvanın təkcə Qarabağda deyil, Ermənistanda da aparıcı mövqeyə sahiblənmək istəyi ilə əlaqələndirir.
E.Mirzəbəyli bildirib ki, bu prosesdə ənənəvi olaraq, ermənilərin informasiya siyasətinə dəstək verən rus KİV-ləri ön sırada dayanırlar:
“Onların sayı isə kifayət qədər çoxdur. “Böyük təcrübəyə malik siyasətçi”, “nəhəng lider” və bu kimi epitetlərlə Robertin miskin obrazını bəzəyən Rusiya mediasını izləyəndə adama elə gəlir ki, söhbət hansısa künc ölkəsindən – Ermənistandan yox, Roma imperiyasından və Yuli Sezardan gedir. Rusiya təbliğatçılarının bu sahədəki iyrənc, ikrah doğuran “məharəti”, düşünürəm ki, hər kəsə bəllidir. Onlar milçəkdən fil, fildən isə milçək düzəltməyi sevirlər. Hətta özlərini bütün dünyada gülüş hədəfinə çevirsələr də.
Şübhəsiz ki, Robert Köçəryanın nüfuzu təqdim edilidiyi qədər deyil, amma proses belə davam edərsə, çox güman ki, Xocalı canisinin ətrafında müəyyən ajiotaj yaratmaq mümkün olacaq. Bu isə növbədənkənar seçkilərin nəticələrinə təsir göstərəcək. Əgər seçkilər Paşinyanın komandasının nəzarəti altında keçirilərsə - çox güman ki, belə də olacaq – o zaman Robert Köçəryanın rəhbərlik etdiyi düşərgə, hökuməti formalaşdırmağa yetəcək qədər olmasa da, koalisiyaya girmək, yaxud parlament çoxluğunu nəzarətdə saxlamaq üçün deputat kürsüsü qazana bilər.
Digər tərəfdən, hər iki tərəfin peyk partiyalarının, yaxud bloklarının xidmətindən istifadə edəcəkləri də gözləniləndir”.
Politoloq indiki halda bizi düşündürən əsas sualın Ermənistanda keçirilməsi ehtimal olunan seçkilərdə kimin qalib gəlməsindən daha çox, Rusiyanın Ermənistandakı planlarıdır:
“Moskvanın davranışları sübut edir ki, o, Azərbaycanın ərazi bütövlüyünə təhdid yaratmağı hədəfləməsə də belə, Ermənistan üzərində nəzarəti tam şəkildə əlində saxlamaqla, revanşçı qüvvələri “sığallamaqla” bölgədəki mövqeyini və təsir imkanlarını genişləndirmək, sülhməramlıların “ömrünü” uzatmaq istəyir, bunun üçün isə müxtəlif alternativlər hazırlayır. Rusiyanın hədəfi Ermənistan siyasətində, yalnız onun nəzarətində olan alternativlərin mövcudluğudur ki, gələcəkdə hər hansı fors-major hallarla qarşılaşmasın.
Subyektiv qənaətimə görə, Rusiyanın Köçəryan və Sarkisyanı aktivləşdirməkdə yaxın hədəfi Nikol Paşinyan rejimini daim təzyiq altında saxlamaqdan, həmçinin Rusiyanın aparıcı, üstün mövqeyi olmadan 10 noyabr 2020-ci il bəyannaməsinin yerinə yetirilməyəcəyi qənaətini gücləndirməkdən, regionda həyata keçiriləcək layihələrdə dominant rol almaq üçün sabit təsir rıçaqları formalaşdırmadan ibarətdir. Uzaq hədəflərə isə qıcıqlandırıcı müzakirələrə yol açmamaq üçün toxunmaq istəmirəm. Onsuz da Rusiyanın bölgədəki geosiyasi hədəflərini siyasətdən anlayışı olan hər kəsə bəllidir".
Şərhlər