Türk Şurasına üzv ölkələrin energetika nazirlərinin iclasının proqramı açıqlanıb

23.02.2021 13:16     Dünyadan reaksiya     511

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin energetika nazirlərinin iclasının proqramı açıqlanıb.

Reaksiya.az-ın xəbərinə görə, bu barədə Türk Şurası məlumat yayıb.

Türk Şurasına sədrlik edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türk Şurasının Baş katibi Bağdad Amreyevin açılış nitqi ilə çıxış edəcəkləri iclasda təşkilata üzv dövlətlərin enerji sahəsində ata biləcəyi birgə addımlar nəzərdən keçiriləcək.

İclasda Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz, Qazaxıstanın energetika naziri Nurlan Noqayev, Qırğızıstanın energetika və sənaye naziri Kubanıçbek Turdubayev, Özbəkistanın energetika naziri Əlişir Sultanov və Macarıstanın İnnovasiya və Texnologiya Nazirliyinin enerji siyasətindən məsul Dövlət naziri Attila Steiner iştirak edəcəklər.

Türk Şurası ölkələri arasında enerji sahəsində çoxtərəfli əməkdaşlığın mövcud vəziyyətini müzakirə edəcək nazirlər enerji əməkdaşlığının inkişafı və şaxələndirilməsi, eyni zamanda, bölgə daxilində enerji əlaqələrinin yaxşılaşdırılması imkanları barədə də fikir mübadiləsi aparacaqlar.

Türk Şurasına üzv dövlətlərin energetika nazirləri bərpa olunan enerji mənbələrinin inkişafı üçün uyğun bir investisiya mühitinin yaradılması, enerji səmərəliliyi və qabaqcıl enerji texnologiyaları ilə əlaqəli ən yaxşı təcrübələrin paylaşılması, üzv dövlətlərdə istehsal olunan neft-kimya məhsulları üçün beynəlxalq paylama kanallarının qurulması, qaz və elektrikli nəqliyyat vasitələri kimi ekoloji təmiz ictimai nəqliyyat vasitələrinin inkişafı ilə bağlı təcrübə mübadiləsi, üzv ölkələr arasında neft mühəndisliyi sahəsində ortaq təşəbbüsün yaradılması kimi məsələləri də müzakirə edəcəklər.

Xatırladaq ki, energetika nazirlərinin iclası fevralın 24-də videokonfrans formatında keçiriləcək.

Reaksiya.az

Şərhlər