Rusiya Vaşinqtondakı səfirini Moskvaya çağırdı
17.03.2021 22:43 Dünyadan reaksiya 778
ABŞ Prezidenti Co Baydenin Rusiyanın dövlət başçısı Vladimir Putin haqqındakı açıqlamasından sonra ölkənin Vaşinqtondakı fövqəladə və səlahiyyətli səfiri Anatoli Antonov Moskvaya çağırılıb.
Reaksiya.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova açıqlayıb.
“Səfir fikir mübadiləsi və ABŞ-la münasibətlərdə nələr ediləcəyini, haraya gediləcəyini təhlil etmək üçün Moskvaya çağırılıb”, - Baydenin Rusiya liderini “ABŞ seçkilərinə müdaxiləyə görə “cəza çəkəcəyini” söyləməsi barədə yazılı açıqlamasında M.Zaxarova deyib.
“Bayden administrasiyası 100 günü yaxında tamamlayır. Bu da Bayden komandasının hansı mövzularda qənaətbəxş olub-olmadığını təhlil etmək üçün səbəbdir”, - Zaxarova əlavə edib.
Rusiya XİN sözçüsü vurğulayıb ki, Vaşinqtonun son illər gərginləşdirdiyi və gərgin olan Rusiya-ABŞ münasibətlərini düzəltmək üçün yolların müəyyənləşdirilməsi vacibdir:
“Əgər amerikalılar bununla bağlı risklərin fərqindədirlərsə, əlaqələrin geri dönüşü olmayan şəkildə pozulmasını əngəlləməkdə maraqlıyıq. Bu məsələlər barədə XİN-dəki və digər əlaqədar qurumlardakı müzakirələrdə səfirlə fikir mübadiləsi aparılacaq”.
Şərhlər