Gürcüstan DİN-dən azərbaycanlılara kütləvi hücumla bağlı - Açıqlama
17.05.2021 12:50 Dünyadan reaksiya 688
Gürcüstan Daxili İşlər Nazirliyi Dmanisidə azərbaycanlılara qarşı kütləvi hücumla bağlı açıqlama yayıb.
Reaksiya.az Gürcüstan DİN-in rəsmi saytına istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi asayişin qorunmasına məsul qurum olaraq Dmanisidə toplanan vətəndaşları qanunun tələblərinə əməl etməyə və sakit olmağa çağırıb.
Bildirilib ki, polis ona verilən mandat çərçivəsində hərəkət edəcək və hər hansı bir qanun pozuntusuna cavab verəcək.
Qeyd olunub ki, Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaq tədbirləri ilə bu il mayın 16-da Dmanisidə yerli sakinlərin bir-biri ilə toqquşması və bunun nəticəsində qrup toqquşmasına çevrildiyi müəyyənləşib. Polis qarşıdurmada iştirak edənləri müəyyənləşdirib və istintaq çərçivəsində bütün lazımi istintaq və prosessual hərəkətlər aparılır.
Dmanisidəki qarşıdurmanın təkrarlanmaması və hadisələrin süni bir şəkildə artmasının qarşısını almaq üçün DİN-in əməkdaşları hadisə yerinə səfərbər edilib və ictimai asayiş təmin edilib.
“Daxili İşlər Nazirliyi bir daha qarşı tərəfləri polisin qanuni tələblərinə tabe olmağa və yerdəki münaqişənin süni millətlərarası qarşıdurmaya çevrilməsinə töhfə verməmək üçün sakit olmağa çağırır”, - deyə açıqlamada vurğulanıb.
Xatırladaq ki, ötən gün Dmanisi şəhərinin “9 aprel” küçəsi 23-də yerləşən azərbaycanlılara məxsus “Ömər” marketə kütləvi hücum olub. Mağaza sahibi Qəşəm Şamilov bildirib ki, hücumu həyata keçirənlər Dmanisidə yaşayan bir qrup svan (gürcü) əsilli şəxslər olub.
Reaksiya.az
Şərhlər