Yerevan 10 noyabr və 11 yanvar sazişlərindən imtina edir?
02.06.2021 10:11 Dünyadan reaksiya 431
Ermənistan regionda kommunikasiyaların bərpa edilməsi üzrə üçtərəfli komissiyanın (Azərbaycan-Ermənistan-Rusiya) işində iştirakını dayandırır.
Reaksiya.az Turan-a istinadən xəbər verir ki, bu barədə Yerevanda Ermənistan hökumət başçısının müavini Mqer Qriqoryan jurnalistlərə bildirib. O, bu qərarı erməni əsirlər probleminin həll edilməməsi və Azərbaycanın “təcavüzü” ilə izah edib.
“Sərhəddə hazırkı vəziyyətdə bu platformada konstruktiv işin mümkün olduğunu düşünmürəm. Buna görə əlaqələr kəsilib”, deyən baş nazir müavini əlaqələrin “Azərbaycan silahlı qüvvələrinin Ermənistan ərazisinə daxil olmasından sonra” kəsildiyini qeyd edib.
Zəngəzur dəhlizi mövzusuna toxunan Qriqoryanın sözlərindən aydın olub ki, Yerevan Azərbaycan Prezidentinin bu termindən istifadə etməsinə həddindən artıq qəzəblənib.
“Ermənistan tərəfi dəhliz məntiqi məsələlərini müzakirə etməyib, etməyəcək də. Dəhliz dedikdə bəziləri nəqliyyat marşrutlarını nəzərdə tuturlarsa, bu, ayrı məsələdir, amma bu sözün altında suverenliklə bağlı hər hansı başqa hallar nəzərdə tutulursa, bu cür müzakirələr istisna edilir”, - deyə o bildirib.
Xatırladaq ki, regionda kommunikasiyaların, xüsusən Azərbaycanın quru hissəsi ilə Naxçıvan arasında quru əlaqəsinin açılması məsələsi Azərbaycan, Rusiya və Ermənistan Prezidentlərinin 10 noyabr 2020-ci il tarixli bəyanatında əksini tapıb.
11 yanvar 2021-ci il tarixində bu ölkələrin liderləri kommunikasiyaların, xüsusən də Naxçıvanla avtomobil və dəmir yolu əlaqəsinin açılması məsələlərini həll edəcək üçtərəfli komissiya yaradılmasını nəzərdə tutan yeni sənəd imzalayıblar.
Şərhlər