Davudoğlu Baxçalıya nə təklif edəcək?

17.08.2015 15:16     Dünyadan reaksiya     1329

Türkiyənin baş naziri Əhməd Davudoğlunun MHP-nin lideri Dövlət Baxçalıdan mövcud hökumətin Türkiyəni ən qısa müddətdə seçkiyə aparması məsələsində dəstək istəyəcəyi deyilir.

Reaksiya.az xəbər verir ki, 2015-ci il iyun seçkilərindən sonra prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən 63-cü hökuməti qurmağı tapşırılan AKP-nin sədri, baş nazir Əhməd Davudoğlu CHP ilə nəticəsiz qalan koalisiya danışıqlarının ardından bu gün Bakı vaxtı ilə saat 16.00-da MHP-nin sədri Dövlət Bağçalı ilə TBMM-də bir araya gələcək.

Davudoğlunun görüşdə Baxçalıya uzun müddətli koalisiya təklif etməsi gözlənilmir.

Rəsmi proqramı olmayan Davudoğlu MHP-nin hesabatını hazırlayan nümayəndə heyəti ilə baş nazirin rəsmi iqamətgahında bir araya gəlib. Görüşdə Əmək və sosial müdafiə naziri Faruk Çelik, Enerji və təbii sərvətlər naziri Taner Yıldız, AK Partiyanın Qrup sədr müavini Mahir Ünal, Məclis sədr müavini Naci Bostancı, keçmiş Qrup sədr müavini Mustafa Elitaş, keçmiş millət vəkili Saleh Kapusuz , Ankara millət vəkilləri Vedat Bilgin və Ertan Aydın iştirak edib.

İclasda MHP-yə təqdim olunacaq təkliflər müzakirə olunub.

Baş nazir Davudoğlu bugünkü iclasda Baxçalıya açıq və dəqiq bir sual verəcək: "Seçki istəyirsiniz, yoxsa koalisiya?”.

Bağçalının cavabı isə indidən çoxlarını düşündürür.

AK Partiyada mövcud hökumətin oktyabr və ya noyabrda ölkəni seçkiyə aparması istiqamətində variant ön plana çıxır.

AKP-nin rəsmiləri isə görüşdən heç bir sürpriz gözləmədiklərini vurğulayıblar: "MHP-nin şərtsiz masaya oturması sürpriz ola bilər. Ancaq prezident ilə bağlı mövqeləri bəllidir. Təhqiredici ifadələrindən heç geri addım atmadılar. Konstruktiv bir təklif irəli sürmədilər. Onların beynində “Nə olursa olsun, hökuməti yaradaq”  anlayışı yoxdur. Ritorika dəyişməsə də seçkiyə getdilər".

Şərhlər