“Köhnələr” əl çəkməyəcək, Nikolu ağır günlər gözləyir

21.06.2021 17:35     Dünyadan reaksiya     425

Erməni siyasi isteblişmentinin "köhnə qvardiyası" (Sərkisyan, Köçəryan, Ter-Petrosyan) sarsıdıcı məğlubiyyətə uğradı. Onların seçkilərdə aşağı nəticəsi xalqın onlara olan münasibətinin təzahürüdür.

Reaksiya.az xəbər verir ki, bu barədə erməni siyasi şərhçi Tevos Arşakyan yazıb.

Onun sözlərinə görə, səsvermənin nəticəsi Ermənistan ictimaiyyətinin fikirləri ilə üst-üstə düşdü – seçicilərin əksəriyyəti Nikol Paşinyanın rəhbərlik etdiyi hazırkı hakimiyyəti dəstəklədi.

“Bu da onu göstərir ki, Nikol Paşinyan 2018-ci ildə olduğu kimi, yenə də öz hökumətini istədiyi kimi formalaşdıra biləcək. Köçəryan, Sərkisyan, Ter-Petrosyan və digər kiçik fiqurlar köhnə hakimiyyəti, əvvəlki qaydaları özündə təcəssüm etdirirdi. Erməni xalqı onlardan güclə 2018-ci ilin yazında qurtula bilmişdi. Biz elə onda özümüz üçün qərara gəlmişdik ki, ölkəmizin tarixində bu biabırçı səhifəni həmişəlik siləcəyik.

Bəli, bu “köhnə qvardiya” çox böyük inzibati, media və maliyyə imkanlarına malik olaraq, aqressiv seçkiqabağı kampaniya aparırdı. Onlar düşünürdülər ki, hakimiyyətin bütün qanadlarında öz pullarının (yeri gəlmişkən, ölkədən və xalqdan oğurlanmış pullar) köməyi ilə xalq yaddaşını silə biləcəklər. Lakin seçkilər onların səhv olduğunu göstərdi", - deyə erməni analitik qeyd edib.

Erməni ekspertin sözlərinə görə, indi bu “üçlük” orada nə isə "saxtakarlıq"dan danışırlar.

"Amma üzr istəyirəm, hətta MDB və KTMT müşahidəçiləri iyunun 20-də keçirilmiş növbədənkənar parlament seçkisində səsvermə zamanı ciddi pozuntular aşkar etməyiblər. Onların seçkilərdə aşağı nəticəsi xalqın onlara olan münasibətinin təzahürüdür. Amma hesab edirəm ki, bu "köhnə qvardiya" belə asanlıqla təslim olmayacaq. Paşinyanı çətin günlər gözləyir", - deyə Arşakyan bildirib.

Reaksiya.az

Şərhlər