Qara dənizdə genişmiqyaslı hərbi təlimlər başlayır

28.06.2021 12:33     Dünyadan reaksiya     421

Bu gün Qara dəniz bölgəsində Ukrayna Dəniz Qüvvələri və ABŞ Hərbi Dəniz Qüvvələrinin birgə təşkil etdiyi "Sea Breeze-2021" təlimləri başlayır.
 
Bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri "Twitter"də məlumat verib.

Təlimlərdə quruda manevrlər, dalğıc əməliyyatları, dənizdə zəbt etmə ilə bağlı əməliyyatlar, hava hücumundan müdafiə, sualtı əməliyyatlar əleyhinə tədbirlər və axtarış-xilasetmə əməliyyatları daxil olmaqla müxtəlif döyüş ssenariləri sınanacaq. NATO-nun ikinci dəniz qrupu da "Sea Breez" təlimlərinə iştirak edəcək. Bundan əlavə, "Sea Breeze-2021" tarixdə ən çox iştirakçı ölkənin qatıldığı təlim kimi də yadda qalacaq. Qeyd edək ki, Qara dənizə 30-dan çox ölkə 5000-ə yaxın əsgər, 32 gəmi, 40 təyyarə, 18 xüsusi təyinatlı və dalğıc qrupu göndərib.
Hərbi təlimlər 28 iyun - 10 iyul tarixlərində baş tutacaq.

Onu da xatırladaq ki, bu günlərdə ABŞ-ın xüsusi raket esminesi "USS Ross" Rusiya dəniz qüvvələrinin nəzarəti ilə Qara dənizə daxil olmuşdu. Ümumilikdə isə, Rusiya Qara dənizdə Ukrayna ilə NATO ölkələrinin genişmiqyaslı təlimlər keçirməsindən bir neçə dəfə narahatlığını ifadə edib. Moskva ABŞ-ı "Sea Breez" təlimlərinə qatılmamağa da çağırmışdı.
 

Şərhlər