Bu görüş də nəticəsiz oldu

17.08.2015 23:05     Dünyadan reaksiya     1979

Ədalət və İnkişaf Partiyasının lideri Əhməd Davudoğlu ilə Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçeli Türkiyədə koalisiya hökumət qurulması məsələsini müzakirə ediblər.
 

Reaksiya.az xəbər verir ki, görüşdə müsbət nəticə əldə edilməyib.

 

Bu barədə jurnalistlərə məlumatı AKP sədri Əhməd Davudoğlu verib.

 

MHP lideri Bahçelinin Türkiyə Böyük Millət Məclisindəki otağında keçirilən və 2 saat  26 dəqiqə davam edən görüşdən sonra verdiyi açıqlamada AKP lideriƏhməd Davudoğlu deyib ki, Dövlət Bahçeli koalisiya hökuməti qurmaq üçün  daha əvvəl sosial media üzərindən  elan etdiyi 4 şərti təkrarlayıb və bu şərtlərin hamısının qəbul edilməməsi halında koalisiya qura bilməyəcəklərini vurğulayıb: ”Çox səmimi, açıq və dürüst görüşümüz oldu. Hörmətli Bahçeli AKP ilə bir koalisiya imkanının olmadığını ifadə etdi. Mən bir partiya lideri olaraq onun bu qərarına hörmətlə yanaşdığımı bildirdim”.

 

Qeyd edək ki, Milliyyətçi Hərəkat Partiyasının lideri Devlet Bahçeli koalisiya müzakirələri çərçivəsində AKP lideri Əhməd Davudoğluyla görüşündən əvvəl koalisiyaya ortaq ola bilmələri üçün 4 şərt irəli sürüb: Türkiyə Cümhuriyyəti Konstitusiyasının ilk 4 maddəsinin dəyişdirməyəcəyinin bəyan edilməsi; prezident Ərdoğanın fəaliyyətinin leqal sərhədlər içərisinə çəkilməsi; kürd məsələsinin həlli üçün həyata keçirilən “Çözüm prosesi”nin tamamilə dayandırılması; 17-25 dekabr 2013-cü ildə başladılan prokurorluq əməliyyatının davam etdirilməsi üçün hüquq-mühafizə orqanlarına lazımi şəraitin yaradılması.

 

MHP lideri Devlet Bahçeliylə görüşündən sonra mediaya verdiyi açıqlamada AKP lideri Əhməd Davudoğlu, prezident Ərdoğanın fəaliyyətini koalisiya hökumətinin şərti halına heç vaxt gətirməyəcəklərini və 17-25 dekabr 2013-cü ildə baş  vermiş hadisələrin ölkədəki “paralel dövlət strukturu”  tərəfindən leqal hakimiyyətə qarşı çevriliş təşəbbüsü kimi qiymətləndirildiyini deyib.

 

Qeyd edək ki, 7 iyunda keçirilmiş  seçkidə 13 ildən bəri iqtidarda olan AKP təkbaşına hökumət quraraq  Məclisdən etimad almaq  üçün lazım olan 276 mandatı  qazana bilməyib. Prezident Ərdoğan yeni hökuməti qurması üçün 9 iyulda AKP lideri Əhməd Davudoğluna səlahiyyət verib. AKP ilə ana müxalifətdəki Cümhuriyyət Xalq Pariyası (CHP) arasında 32 gün davam edən müzakirələrdən sonra iki partiyanın koalisiyasını qurmaq mümkün olmayınca AKP lideri Davudoğlu, seçkidə 80 millət vəkili mandatı qazanmış MHP-nin lideri Devlet Bahçelidən koalisiya müzakirəsi aparmaq üçün görüş istəyib. Mövcud vəziyyətlə bağlı Milliyyətçi Hərəkat Partiyasının da açıqlama verməsi gözlənilir.

Şərhlər

Çox oxunanlar