Rusiya Paşinyanın KTMT missiyasının Azərbaycanla sərhəddə yerləşdirilməsi təklifinə reaksiya verib
29.07.2021 16:29 Dünyadan reaksiya 928
Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Ermənistan-Azərbaycan sərhəddi boyunca KTMT müşahidəçilərinin yerləşdirilməsi təklifi siyasi xarakter daşıyır.
Bunu Dövlət Dumasının MDB işləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov bildirib.
“Bu cür təhlükəsizlik məsələləri adətən sakitlikdə həll edilir. Mətbuatın iştirak etdiyi açıq meydançalarda bu cür bəyanatlar siyasi xal qazanmaq, hökumətdə, parlamentdə və ya hər hansı digər səviyyədə təsdiq olunmaq üçün edilir”, - o deyib.
Komitə sədri hesab edir ki, Paşinyan əvvəlcə bu cür ideyaları öz səviyyəsində müzakirə edə bilərdi: “O KTMT-nin üzvüdür və bu təşkilata üzv ölkələrin, xüsusilə də narahatlığın olduğu Tacikistanın mövqeyini bilir. Bu səbəbdən daha ehtiyatlı davranmaq lazımdır”.
Onun sözlərinə görə, “bu çox mürəkkəb, ciddi məsələdir və ilk növbədə, üç dövlət başçısı – Putin, Əliyev və Paşinyan arasında həll edilməlidir: "Əgər söhbət açıq şəkildə bəyan edilirsə bu daha çox siyasətdən xəbər verir. Yaxşı ki, Ermənistan və Azərbaycan sərhədində insidentlərin sayı hələlik azdır və bu insidentlər kiminsə kiməsə hücum etməsinin effekti deyil”.
Xatırladaq ki, daha əvvəl Paşinyan KTMT-yə Ermənistan-Azərbaycan sərhəddi boyunca Monitorinq missiyası yerləşdirməyi təklif edib.
“KTMT-nin üzvü və sentyabrın 16-dan etibarən sədri olacaq Ermənistan təşkilatın təhlükəsizliyinə təhdid yaratmamaq, müttəfiq ölkələri hərbi əməliyyatlara cəlb etməməklə bağlı öz məsuliyyətini başa düşür. Ermənistan SQ tərəfindən hər hansı təxribatların olmasını rəsmi şəkildə istisna edirəm. Hesab edirəm ki, Ermənistan və Azərbaycan tərəfindən qarşılıqlı ittihamların həqiqiliyini müəyyən etməyin yollarından biri iki ölkə sərhəddi boyunca KTMT-nin Monitorinq missiyasının yerləşdirilməsi ola bilər”, - Paşinyan hökumətin iclasında deyib.
Onun sözlərinə görə, əks halda beynəlxalq ictimaiyyət tərəfindən tanınmış digər mümkün formatlardan, o cümlədən ATƏT-in Minsk qrupu həmsədrliyi formatından istifadə edilə bilər.
Şərhlər