"Taliban"ın hakimiyyətə gəlişi NƏYİ DƏYİŞƏCƏK? - Türkiyəni gözləyən TƏHLÜKƏ

16.08.2021 14:43     Dünyadan reaksiya     1338

"Taliban" silahlılarının Əfqanıstanı ələ keçirməsindən sonra dünyada yeni iqtisadi xaosun başlanacağı ilə bağlı müəyyən fikirlər artıq səslənməyə başlayıb.

Mövzunu Metbuat.az-a şərh edən iqtisadçı-ekspert Elman Sadıqov bildirdi ki, "Taliban" əvvəlki "Taliban" deyil. Artıq ciddi diplomatik kanallar qurub və həmin kanallardan istifadə edir. Yəni, faktiki olaraq, dövlət qurmaq üçün infrastrukturu da qurulub. Ekspertin sözlərinə görə, ABŞ hazırladığı Əfqan ordusunu silahları ilə birlikdə və əlavə olaraq, Əfqanıstanda 1 milyard dollarlıq silah-sursatını da Talibana verdi. Ekspert deyir ki, Taliban artıq Çinlə və Rusiya ilə razılaşıb. Türkiyə ilə də razılaşacağı ehtimalı da yüksəkdir. Təbii ki, burada Pakistan amili çox önəmlidir.

Hazırda Çinin "Bir kəmər, bir yol" layihəsi ilə bağlı vəziyyətin də heç də ürəkaçan olmadığını bildirən Elman Sadıqov qeyd etdi ki, ABŞ burada "bir daşla bir neçə quş" vurdu. Həm də, açıq-aydın məğlub olmadan geri çəkildi. Bundan sonra əlavə xərclərə yol verməyəcək. Əksinə, mənfəət əldə edəcəkdir.

"ABŞ, Avropanı və Türkiyəni ciddi qaçqın problemi ilə üz-üzə qoydu. Daha çox problem, daha zəif iqtisadi bərpa deməkdir. ABŞ post-pandemiya dövründə ən sürətli iqtisadi bərpaya sahib olmağı düşünür. Bölgədə (həm də Avropa daxil olmaqla geniş ərazidə) qeyri-müəyyənlik yaratdı. Çin və Rusiya Talibanla razılaşaraq hətta Əfqanıstana investisiya planlarının olduğunu qeyd etmişdir. Sual oluna bilər. ABŞ regionu "Taliban" rejimli Əfqanıstan vasitəsilə nəzarəti altında saxlayacaq, yoxsa "Taliban" Çinin, Pakistanın daha yaxın müttəfiqinə çevriləcəkdir? Məlumdur ki, Pakistanın "Taliban" üzərində nüfuzu yüksəkdir, amma tam deyil. Çünki, "Taliban" təkcə sırf "Taliban"dan ibarət deyil. Burada həm Əl-Qaidə həm də, digər terror təşkilatları üzvləri birləşib mübarizə aparırlar".

 

Elman Sadıqovun sözlərinə görə, Əfqanıstan yerli deyil artıq qlobal məsələdir. Çünki "Taliban" yerli əhalinin seçimi deyil. "Taliban"ın hakimiyyətə gəlməsində cəhalət, xalqın dini dövlət, İslam dövləti qurmaq istəyi rol oynamayıb və belə bir istək də yox idi. Olsaydı, bu qədər qaçqın ordusu yaranmazdı.

"Bu məsələ Yeni Dünya Düzəninin bir parçasıdır. Bu məsələ, bir regionun nüfuz dairəsinin dəyişməsidir. ABŞ birmənalı olaraq, Əfqanıstanda məğlub oldu, çəkildi. Amma, səliqəli və planlı şəkildə, özündən sonra ciddi problem yaradaraq çəkildi. Nədir bu problem? Avropa və Türkiyə üçün qaçqın problemi. ABŞ Avropanın ilk dəfə yeni çağırış və problemlə üz-üzə qoyur? Xeyr. İlk qaçqın problemi 2011-ci ildə Suriya məsələsində yarandı. Lakin, Türkiyə bufer rolunu oynadı və Avropanı ciddi problemlərdən xilas etdi. İkinci dəfə Türkiyənin bunu etməyə nə gücü çatmaz, nə də belə bir istəyi yoxdur. Çünki, bu dəfə Türkiyə problemin altında qalar. Türkiyə bunu gözəl anladığı üçün öz mövqeyini ortaya qoydu. İkinci dəfə, Avropanı sarı jiletlilər hərəkatı bürüdü. Avropa bunu da həll etdi. Sonra Brexit, indi də Əfqanıstan. Əfqanıstan böyük imperiyaları çökdürən bir bataqlıqdır. Əfqanıstanda heç bir dövlət qalib gəlməmişdir. ABŞ buradan qarşısında qoyduğu məsələni (demokratikləşmə, dünyəvi dövlət quruluşu) həll edə bilmədi. Amma, əlbəttə, "məlum" məsələni həll etdi".

Reaksiya.az

Şərhlər