“İrəvan heç vaxt İranın maraqlarına xəyanət etməyəcək” - Paşinyan

04.10.2021 10:31     Dünyadan reaksiya     512

“Ermənistan heç vaxt İrana qarşı gizli razılaşmada iştirak etməyib və heç vaxt da iştirak etməyəcək. Üstəlik, İrəvan üçün Tehranla münasibətlər son dərəcədə vacibdir”.

Reaksiya.az “Armenpress”ə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Litvanın erməni icması ilə görüşündə deyib. 

Paşinyan tez-tez İran mediasında Ermənistanın bu ölkəyə qarşı gizli anlaşmalarda iştirakına dair xəbərlərə münasibətində İranın maraqlarının Ermənistan üçün çox vacib olduğunu deyib və əlavə edib ki, rəsmi İrəvan heç vaxt İranın maraqlarına xəyanət etməyəcək və rəsmi Tehran bunu çox yaxşı bilir: “Çünki bu münasibətlər bizim üçün son dərəcədə vacibdir və biz heç vaxt 90-cı illərin əvvəlində İranın Ermənistan üçün “həyat yolu” olduğunu unutmayacağıq”.

 

Onun sözlərinə görə, iki ölkə arasında ikitərəfli münasibətlərin əsasını digər məsələlərlə yanaşı, məhz bu amil təşkil edir. Paşinyan, həmçinin İran Prezidenti İbrahim Rəisinin bu vəzifəyə gəlməsindən sonra qısa müddət ərzində onunla artıq iki dəfə görüşdüyünü xatırladıb. O, bunun İrəvan üçün Tehranla əlaqələrin nə dərəcədə vacib olduğunu nümayiş etdirən fakt olduğunu hesab edir.

Bununla yanaşı, Paşinyan vurğulayıb ki, hazırda Ermənistan-İran arasındakı iqtisadi əlaqələr sanksiyalar səbəbindən müəyyən maneələrlə üzləşir. Lakin Ermənistanın İranla birgə böyük layihələri var. İran Prezidenti ilə görüşdə bu layihələrin icrasını sürətləndirməyi təklif edib.

Burada söhbət İran şirkəti ilə birlikdə İrana üçüncü elektrik xətlərinin inşasının sürətləndirilməsindən, həmçinin “elektrik enerjisi qarşılığında qaz” iqtisadi formulasının həyata keçirilməsindən gedir.

Paşinyan qeyd edib ki, İranın ali rəhbərliyi ilə görüşlərdə keçmişdə Mehri su anbarının, su elektrik stansiyasının inşası məsələsini xatırlamağı və bu məsələyə qayıtmağı təklif edib: “Bu layihənin icrası yalnızca elektrik enerjisi baxımından deyil, həmçinin su resurslarını da birgə idarəetmə baxımından çox vacibdir. Həmçinin Araz çayının Ağarak mis-molibden zavodunun çirkab suları ilə çirklənməsi ilə bağlı problem də həll olunub”.

 

Reaksiya.az

Şərhlər