Paşinyan Ermənistanın taleyini həll edəcək qərara hazırlaşır

22.11.2021 14:51     Dünyadan reaksiya     344

Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində regionda yaratdığı yeni geosiyasi reallığı nə qədər tez qəbul edib, sərhədlərin delimitasiya və demarkasiya məsələsini masa arxasında həll etmək üçün əməli-praktiki addım atsa, erməni xalqı bundan sonra o qədər az ağrı-acı çəkər, o qədər az aclıq, səfalət içində yaşayar, o qədər genefondunu qorumuş olar. 

Lakin təəssüf ki, son bir ay ərzində Ermənistanın sərhəddə törətdiyi müxtəlif həcmli təxribatlar bu ölkənin revanş hissindən əl çəkmədiyini göstərir. Qarşı tərəfin növbəti dəfə texnika və canlı qüvvə sarıdan böyük itki verərək rüsvaycasına geri çəkilməsi İrəvanın Bakı ilə kəllə-kəlləyə gəlmək potensialının sıfıra bərabər olduğu, güclər nisbətinin ciddi şəkildə fərqləndiyini göstərir. Bununla belə düşmənçilik ritorikasından əl çəkmək fikrində olmadığını hər addımda nümayiş etdirən revanşist qüvvələr bölgənin inkişaf və uzunmüddətli sülh perspektivinə ciddi zərbə vurmaqda israrlı kimi görünür. 

16 noyabrda baş verən lokal savaşdan sonra ictimai-siyasi vəziyyətin yenidən daha da kəskinləşdiyi Ermənistanın faktiki olaraq bu gün iki cəbhə arasında qaldığı açıq-aydın görünür. Gah 10 noyabr üçtərəfli birgə bəyanatda üzərinə götürdüyü öhdəlikləri (sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiyaların (Zəngəzur dəhlizi) açılmasını - red.) yerinə yetirməyə hazır olduğunu, gah da dövlət başçılarının üçtərəfli növbəti Moskva görüşü ərəfəsində (44 günlük müharibənin bitdiyi - 10 noyabr) ard-arda müxtəlif təxribatlar törədərək sülh sazişinə gedən yolda maneələr törətməklə vaxt udaraq, prosesin icrasını ləngitmək cəhdi Qərb ilə Rusiyanın arasında seçim etməkdə, mövqeyini açıq bildirməkdə o qədər də cəsarətli olmayan Nikol Paşinyanın çətin vəziyyətdə qaldığının, konkret qütb seçməkdə çətinlik çəkdiyinin əyani nümayişidir. 

Erməni baş nazir mövcud vəziyyətlə bağlı parlamentdə deputatların suallarını cavablandırarkən çətin anlar yaşayıb. Müxalif deputatlar onu 44 günlük müharibədə olduğu kimi indi də ictimaiyyətə yalan informasiya verməkdə, real itkilərlə bağlı rəqəmləri saxtalaşdırmaqda ittiham ediblər. Sosial şəbəkələrin erməni seqmentinə baxış kifayət edir ki, Ermənistandakı ictimai-siyasi vəziyyəti təsvir edəsən. Elə sosial şəbəkələrin erməni seqmentində İrəvanın "Yerablur" qəbiristanlığında 20-dən çox, eləcə də ölkənin digər iri şəhərlərində yeni qəbirlərin qazıldığı barədə görüntülərin yayılması etirazların miqyasını daha da genişləndirib.

Ermənistan hakimiyətinin böyük güclərin sifarişləri səbəbindən törətdiyi təxribatlar sonrası itki sayını gizlətmək üçün xalqı aldatması və siyasi manipulyasiyaları ölkə daxilində ciddi katoklizmlərə gətirib çıxarıb. Ermənistan parlamentinin "Şərəfim var" fraksiyasının deputatı Tiqran Abrahamyan sözügedən ziddiyətli informasiyalarla bağlı deyib: "İnformasiyanı gizlətmək indiki zamanda olduqca çətindir. Bu, təkcə təlaşa deyil, həm də digər mənfi nəticələrə gətirib çıxaracaq".

Bəli, Azərbaycan Vətən müharibəsi nəticəsində yaratdığı yeni geosiyasi vəziyyətlə Ermənistanın daxili siyasi və iqtisadi gündəminin formalaşdırılmasına təsir göstərə bilir. Erməni xalqı 44 günlük müharibədən sonra artıq 1 ildir ki, onları narahat edən suallara cavab tapa bilmir. Ermənistanda baş verən proseslər belə təəssürat yaradır ki, Paşinyan hakimiyyəti kiminsə yazdığı ssenari ilə hərəkət edir. Böyük məğlubiyyətdən sonra baş tutan parlament seçkilərində yenidən seçilən Ermənistanın hazırki rəhbərinin qəbul etdiyi qərarlardan belə aydın olur ki, reallıq hissini tamamilə itirən Paşinyan və komandası parçalanmış erməni cəmiyyətini yenidən savaş meydanında ağır itkilərlə üz-üzə qoyaraq daha ağır uçuruma aparır. 

Qafanda keçirilən yerli özünüidarəetmə orqanlarına seçkilərdə qalib gəlmiş bələdiyyə sədrinin səlahiyyətlərini icra edən Qevork Parsyan vəziyyətin ermənilər üçün əndişə doğurduğunu etiraf edib. Görünən isə odur ki, hazırda siyasi palitrada mövcud olan müxalif siyasi qüvvələr Paşinyanın bumeranq effekti verən siyasi gedişlərini ona qarşı arqumentləşdirərək hakimiyyət ssenarisi üzərində işləyirlər. Keçmiş "Qarabağ klanı"nın rəhbərlərindən olan Robert Köçəryanın sərhəddə baş verən 16 noyabr gərginliyindən dərhal sonra narazı qüvvələr arasında "xaç atası" obrazında görünməsi də baş verən hadisələr fonunda təsadüf sayıla bilməz. 

Paşinyanın gəmisini xilas etmək üçün artıq qarşısında nə çox seçim şansı var, nə də çox vaxtı. Özünü və hakimiyyətini quldur dəstəsinin caynağından xilas etməyin yolu rəsmi Bakı ilə danışıqlar masasında konstruktiv mövqe ortaya qoyub, praktiki addımlar atmaqdan keçir. Bunu etmək üçün Paşinyanın yanında Moskvanı və yaxud Brüsseldə toplanan siyasi qüvvələri görmək istəyinin rəsmi Bakı üçün heç bir fərqi yoxdur. Çünki rəsmi Bakının mövqeyini Prezident İlham Əliyev hər çıxışında açıq bəyan edir: Ermənistan ən yaxın zamanda üçtərəfli bəyanatlarda (10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il) üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir!

Reaksiya.az

Şərhlər