Yaxın günlərdə III Dünya müharibəsi başlayacaq? - Maqda açıqladı
06.12.2021 12:31 Dünyadan reaksiya 325
"Rusiyanın Ukraynaya hücum planı və sərhəddəki son hadisələrlə bağlı onu deyə bilərəm ki, müharibə ehtimalını ən yaxşı ancaq Putin bilir".
Reaksiya.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında Kiyev Dünya Siyasət İnstitutunun dosenti, politoloq Yevqeni Maqda deyib.
Ukraynalı siyasi şərhçi bildirib ki, Kremlin şərti ilə razılaşmaq Qərb və Ukrayna üçün məğlubiyyət olar:
"Rusiyanın Ukrayna sərhədlərinə 10 minlərlə canlı qüvvə və hərbi texnika yığmasına baxmayaraq, çətin ki, bu, III Dünya Müharibəsinə səbəb olsun.
Rusiya ilə Ukrayna arasında pik həddə çatan gərginliklə bağlı heç bir illüziyaya yer verilməməlidir. Proseslər real dəyərləndirildikdə görmək olar ki, müharibə səkkiz ildir davam edir və indi yalnız onun miqyasından danışmaq olar. Putin şərtləri səsləndirdi: Qərbdən NATO-nun genişlənməyəcəyinə dair zəmanət. Belə təminatların verilməsi həm Qərb, həm də Ukrayna üçün məğlubiyyət olardı.
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi halında, Ukrayna ABŞ və NATO-nun birbaşa hərbi iştirakına yox, hərbi texnika və silahların tədarükünə, rəsmi Moskvaya iqtisadi sanksiyalara ümid edə bilər - bu da göz qabağındadır".
Qeyd edək ki, ABŞ dövlət katibi Entoni Blinken iki gün əvvəl Rusiya XİN rəhbəri Sergey Lavrovla baş tutan görüşü ilə bağlı danışarkən bildirib: "Ümid edirəm ki, Rusiya mövcud fikir ayrılığının aradan qaldırılması üçün öz qoşununu geri çəkəcək və gərginliyin azalması üçün diplomatik vasitədən istifadə edəcək. Sergey Lavrova açıq aydın başa salmaq istədim ki, Rusiya Ukraynaya münasibətdə istənilən təcavüzkar akt gerçəkləşdirsə, bunun çox ciddi nəticələri olacaq."
Şərhlər