“Demokratiya sammiti”: Bakı üçün yeni fürsət pəncərəsi, yoxsa...
11.12.2021 10:08 Dünyadan reaksiya 466
Ermənistan Rusiya orbitindən uzaqlaşır; Moskva-İrəvan münasibətlərində yeni “avtoşok” gözlənilir...
Dekabrın 10-da “demokratiya sammiti”ni açan ABŞ prezidenti Jozef Bayden dünyada demokratiya məsələlərində geriləməni tənqid edib. “Yeni Müsavat”ın xəbərinə görə, o, bir çox dünya liderlərinə tarixin dönüş mərhələsi barədə xəbərdarlıq edib. Bu barədə “Turan”ın Vaşinqtondakı müxbiri məlumat yayıb.
Bayden Beynəlxalq Demokratiya İnstitutunun bu yaxınlarda yaydığı hesabatdan sitat gətirərək deyib ki, ABŞ da daxil olmaqla, bütün demokratiyaların yarısından çoxu son 10 ildə zəifləyib. “Geriyə doğru hərəkətin nəzarətsiz şəkildə davam etməsinə imkan verəcəyik? Yoxsa bəşəriyyətin tərəqqisini və insan azadlığını irəli aparmaq üçün birgə baxışa və cəsarətə malik olacağıq”, - deyə o sual edib. Amerika prezidenti öz nitqində xaricdəki avtoritar hökumətlərin ünvanına da sərt çıxış edib. Onun sözlərinə görə, bu sözükeçən insanlar öz hakimiyyətlərini möhkəmləndirməyə, öz təsirlərini bütün dünyaya ixrac etməyə və genişləndirməyə, repressiv siyasəti və təcrübəni problemlərin həllinin ən effektiv üsulu kimi təqdim etməyə çalışırlar.
“Liderlərə daxili islahatlar və beynəlxalq təşəbbüslərlə bağlı konkret addım və öhdəliklərini elan etmək təklif ediləcək”, - bunu Dövlət Departamentinin nümayəndəsi “Turan”ın müxbirinə bildirib. O, həmçinin qeyd edib ki, sammit günü 110 ölkənin fəalları və vətəndaş cəmiyyəti liderləri ilə avtoritarizmdən müdafiə yolları, korrupsiyaya qarşı mübarizə və insan hüquqlarının müdafiəsi məsələləri müzakirə olunub. Bayden açılış nitqində belə deyib: “Demokratiya təsadüfən yaranmır... Biz onu nəsildən-nəslə yeniləməliyik”.
Bayden öz çıxışında həmçinin mühüm bir bəyanat səsləndirərək, “azad və müstəqil KİV-lərə dəstək”, “korrupsiyaya qarşı mübarizə”, “demokratik islahatçılara dəstək” və “azad və ədalətli seçkilərin müdafiəsi” məqsədilə 424 milyon dollardan çox vəsait ayırmaq təşəbbüsünü açıqlayıb.
Lakin bu sammitlə bağlı fərqli yanaşmalar mövcuddur. Misal üçün, bu, həm də anti-Rusiya toplantısı adlandırılır. Çünki Ermənistanın baş naziri Nikol Paşinyan da ora dəvət alıb. Əvəzində Ermənistanın bir nömrəli müttəfiqi Rusiya, həmçinin Azərbaycan, Türkiyə, digər türkdilli dövlətlər, əksər ərəb-müsəlman ölkələri, Çin isə orada yoxdur. Həmçinin, Avropa Birliyinin üzvü olan Macarıstan dəvət almayıb, amma Hindistan çağırılıb. Bu necə bir demokratiya sammitidir?!
Aydındır ki, “demokratiya sammiti”nə ABŞ-a rəqib olan qlobal və regional güc mərkəzlərinin dəvət olunmaması ilk növbədə Birləşmiş Ştatların demokratiya faktorundan öz siyasi məqsədləri üçün istifadə etməsinin təzahürüdür. Unutmayaq ki, demokratiya ABŞ-ın öz hegemonluğunu təmin etməsi üçün irəli sürülmüş strategiyanın tərkib hissəsi hesab olunur. Əks halda demokratik rejimlərin olmadığı Konqo, Zambiya, Filippin kimi ölkələr həmin sammitə dəvət almazdılar. Bəs Paşinyanın belə bir tədbirə qatılması Moskva - İrəvan münasibətlərində gərginliyi nə dərəcədə dərinləşdirə və Bakı bundan yararlana bilərmi?
“Yeni Müsavat”a danışan politoloq Tofiq Abbasov Baydenin təşkil etdiyi sammiti qondarma tədbir adlandırır. Onun fikrincə, Amerika-Rusiya əlaqələrində yaxşılığa doğru olmayan dəyişikliklər baş verir və getdikcə münasibətlər kritikləşir. “ABŞ-ın xüsusi mahiyyət üzrə işləyən institutları yeni formatlar axtarışındadırlar və indi də tərəfdaşlarını başlarına toplayıb sammit keçirirlər. Faktiki, Tanzaniya, Anqola, hətta Ermənistan olsun, bu dövlətlərə kökə verirlər. Necə ki, Ukraynada 2014-cü ildə meydan hərəkatı zamanı etirazçılara kökə paylayırdılar. Halbuki demokratiya başqa məfhumdur. Məsələn, alimlər bir araya gəlib diskussiya aparsalar, anlamaq olar. Amma prezidentləri bir yerə yığır, tədbir keçirir, axı demokratiya sammiti nə deməkdir?” - deyə həmsöhbətimiz qeyd etdi.
T.Abbasovun fikrincə, dünyada demokratiyaya münasibət son dərəcə müxtəlifdir: “Yaponiya illərin monarxiyasıdır, indi bu ölkədə demokratiya yoxdur? Yaxud Şərqdə demokratiya ola bilməz? Ona görə Amerika üçün demokratiya bir alətdir və bunu alət kimi istifadə etməkdədir. ABŞ-da 50-60-cı illərdə demokratiya var idi ki? O zaman jurnalistlərin başına oyun açırdılar. Ona görə zorla Şərq xalqlarına Qərb demokratiyası ixrac etmək olmaz. Bəzi mallar var ki, onlar ixrac ediləndə keyfiyyətini itirir. Ona görə xalqlar öz demokratik formalarını tapmalıdırlar. Yaxın Şərqdə xalqların evini yıxdılar, sonra dedilər ki, səhvimiz olub”.
Politoloq hesab edir ki, hazırda ölkələr pis-yaxşı parlamentlərini formalaşdırır, vətəndaş cəmiyyətləri yaranır, bunu süni sürətdə tezləşdirmək olmaz: “Bəzən deyirlər ki, hansısa ölkədə demokratiyanın vəziyyəti ibrətamizdir. Amma yanlış fikirdir, ondan yalnız bəhrələnmək olar. Odur ki, bunu ”demokratiya sammiti" adlandırmaq olmaz. Kim kriteriyaları müəyyən edib, kim deyə bilər ki, hansı ölkə nə dərəcədə demokratikdir?"
Siyasi şərhçi Züriyə Qarayevanın sözlərinə görə, Paşinyanın “demokratiya sammiti”nə qatılması İrəvanın Rusiya orbitindən kənarlaşmaq üçün atdığı növbəti addımlardan biridir: “Bu addım bir daha təsdiq edir ki, o, Qərbmeyilli liderdir. Putinə mesaj verir ki, mənim üçün prioritet istiqamət Qərbdir. Soçi görüşündə də Paşinyanın ifadə etdiyi bəyanatda ”Xalq tərəfindən seçilmiş baş nazir kimi yanınıza gəlmişəm" deməsiylə o, mesaj vermiş oldu ki, xalq məni və mənim avrointeqrasiya siyasətimi dəstəkləyir. Sözsüz ki, bu manevr cavabsız qalmayacaq. Paşinyana qarşı təzyiqlər artacaq".
Ekspert hesab edir ki, Azərbaycan üçün isə ciddi dəyişiklik olmayacaq: “Rusiyanın Ermənistan siyasəti Paşinyanla çərçivələnmir. Paşinyan tam olaraq Ermənistan demək deyil. Ona görə də tək şəxsin siyasəti ilə Rusiya Ermənistanı əldən vermək istəməz. İstənilən halda Putin üçün tərəzinin gözündə dəyişən heç nə olmayacaq”.
Şərhlər