Semyon Peqov Moldovada saxlanıldı
15.12.2021 10:47 Dünyadan reaksiya 337
Rusiyalı hərbi jurnalist, İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın təbliğatını aparan Semyon Peqov Moldovada saxlanılıb.
APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə TASS Rusiya Dövlət Dumasının deputatı Artyom Turova istinadən məlumat yayıb. Turov “Telegram” kanalında Peqovun Kişniyovdan Moskvaya uçarkən Moldovanın xüsusi xidmət orqanları tərəfindən saxlanıldığını yazıb. Rusiyalı deputat bildirib ki, Peqov bir saatdan çox Moldovanın informasiya və təhlükəsizlik xidməti tərəfindən sorğu-sual olunub, üzərində axtarış aparılıb, telefonu və noutbuku ətraflı araşdırılıb, daha sonra isə sərbəst buraxılıb.
Turovun sözlərinə görə, Peqov Dnestryanı münaqişəsindən film çəkmək üçün Moldovaya gedib.
Qeyd edək ki, Semyon Peqov “youtube” şəbəkəsində “Wargonzo” layihəsinin müəllifidir. Erməni media maqnatı Aram Qabrielyanovun dəstəyi ilə İkinci Qarabağ müharibəsi zamanı Ermənistanı və Qarabağdakı erməni separatçılarını dəstəkləmək məqsədi ilə saxta xəbərlər yaymaqla tanınıb.
Şərhlər