ABŞ Dövlət Departamenti bir neçə “Əl-Qaidə” başçısının İranda yaşadığını iddia edir
17.12.2021 08:22 Dünyadan reaksiya 341
ABŞ administrasiyası hesab edir ki, “Əl-Qaidə” terror qruplaşmasının bir sıra liderləri Tehran hakimiyyətinin məlumatı olduğu halda İranda qalmaqda davam edir.
APA-nın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin Terrorla Mübarizə üzrə Koordinatoru Con Qodfri dünyada terrorizmlə mübarizəyə dair növbəti illik hesabatını dərc etməsi ilə bağlı keçirilən xüsusi brifinqdə bildirib.
O, “Əl-Qaidə” liderlərinin Tehranda yaşamaqda davam etməsindən dərin narahatlığını ifadə edib: “Tehranda və Tehran ətrafında onların “Əl-Qaidə” şəbəkəsinin liderləri kimi fəaliyyətlərini davam etdirməyə kömək edilir. Tehran hakimiyyəti “Əl-Qaidə” şəbəkəsinin nümayəndələrinə “İranda təhlükəsiz yaşamağa” icazə verir”.
Amerikalı diplomat əlavə edib ki, İran qara siyahılara daxil edilmiş terror qruplarının spektrini maliyyələşdirmə, təlim, silah və texnika ilə təmin etməkdə davam edir: “İran hələ də ölkədə yaşayan “Əl-Qaidə” liderlərini məsuliyyətə cəlb etməyə hazır deyil. İran ərazisində olan bu şəxslərin adlarını açıqlamaqdan imtina edir. İran “Əl-Qaidə” nümayəndələrinə ən azı 2009-cu ildən öz ərazisində fəaliyyət göstərməyə, o cümlədən pul vəsaitləri və silahlıları Cənubi Asiya və Suriyaya köçürməyə icazə verib”.
Con Qodfri bildirib ki, ABŞ İranı terrorçulara sponsorluq edən ölkə kimi təsnif edir.
Şərhlər