Almaniya “Şimal Axını-2"nin yolunu kəsdi - ABŞ-dan fərqli addım

18.12.2021 12:49     Dünyadan reaksiya     332

Rusiya Avropanı öz şərtlərinə uyğunlaşdıra biləcəkmi?

Rusiyanın Avropaya qaz daşımalı olan “Şimal Axını-2" kəmərinin istismara verilməsi prosesi dayandırılmaq üzrədir. Dekabrın 13-də Almaniyanın xarici işlər naziri Anna Berbok bəyan edib ki, ”Şimal Axını-2" Avropa İttifaqının enerji qaydalarına cavab vermir. Buna görə də kəmərin istismara verilməsi qeyri-mümkün olaraq qalır.

Musavat.com-un xəbərinə görə, ardınca məlum olub ki, Almaniyanın tənzimləyici qurumu qaz kəmərinə istismara başlaması üçün sertifikatı 2022-ci ilin iyuluna qədər verə bilməyəcək. Qurumun rəhbəri İohann Homann bildirib ki, sertifikasiyanın yubanmasının səbəbi kəmərin sahibi olan “Nord Stream 2 AG” şirkətinin onların tövsiyəsi əsasında Almaniyada törəmə müəssisə yaratmağa başlamasıdır. “Nord Stream 2 AG” bu prosesi başa çatdırıb müavfiq sənədləri tənzimləyiciyə təqdim etdikdən sonra sertifikatlaşmanın nə zaman yekunlaşacağı barədə danışmaq mümkün olacaq.

Bu açıqlamadan sonra Rusiyanın Avropa İttifaqındakı daimi nümayəndəsi Vladimir Çijov bəyan edib ki, Almaniya Federal Şəbəkə Agentliyinin “Şimal Axını-2"yə sertifikat verilməsi prosesini yubatması siyasi qərardır. Onun sözlərinə görə, tənzimləyici qurum prosesi qəsdən ləngidərək Almaniyada hakimiyyət dəyişikliyinin başa çatmasını gözləyib. Ölkənin yeni hakimiyyəti isə ”Şimal Axını-2"nin istismara qəbul olunmasına, ümumiyyətlə, imkan vermək niyyətində deyil.

Almaniyanın yeni kansleri Olaf Şolts isə bəyan edib ki, “Şimal Axını-2"nin sertifikatlarşdırılması siyasi məqsədlərdən uzaq  bir proses kimi icra olunur. Onun sözlərinə görə, kəmər sırf kommersiya məqsədli layihədir və onun sertifikat alması ilə müvafiq qurum ”tamamilə siyasətdənkənar formada" məşğul olur.

Kansler həmçinin bildirib ki, Almaniya Ukraynaya onun ərazi bütövlüyünün qorunmasında yardım etmək yolları axtarır. Şolts deyib ki, ölkəsi Ukraynanın qaz tranzitçisi olaraq qalması məsələsində məsuliyyətinin olduğunu görür.

Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, “Şimal Axını-2" qaz kəməri istismara verildikdən sonra Rusiya ilə 2024-cü ildə tranzit müqaviləsinin müddəti bitənə qədər Ukrayna hər il təxminən 1,3 milyard dollar itirəcək. Fondun ekspertləri hesablayıblar ki, son beş ildə Ukrayna Rusiya qazının öz ərazisindən nəqlindən ildə orta hesabla 2,5 milyrd dollar qazanıb. Ekspertlər bu il ölkənin tranzit gəlirlərinin təxminən 40 faiz azalacağını və qaz kəmərinin istismara verilməsinin ölkənin enerji təhlükəsizliyinin həssaslığını daha da artıra biləcəyini proqnozlaşdırır.

Maraqlıdır ki, ABŞ-ın 2022-ci ilin hərbi büdcəsində Rusiyanın məşhur qaz layihəsi olan “Şimal axını-2" qaz kəməri ilə bağlı sanksiyalar nəzərdə tutulmayıb. Xatırladaq ki, 2022-ci ildə hərbi ehtiyaclar üçün xərclər ABŞ rəsmiləri tərəfindən 770 milyard dollar həcmində qiymətləndirilib. Bu, ötən illə müqayisədə beş faiz çoxdur. Büdcədən 4 milyard dolların Avropa Müdafiə Təşəbbüsünə dəstək, 150 milyon dollar isə Baltikyanı ölkələrin müdafiəsi üçün nəzərdə tutulub.

Son iki ildə “Şimal axını-2"nin çəkilməsində iştirak edən şirkətlərə qarşı kəskin sanksiyalar tətbiq edən ABŞ-ın 2022-ci ildə kəmərlə bağlı sanksiyaları hərbi büdcəsinə daxil etməməsi fonunda Almaniyanın yeni hakimiyyətinin kəmərə sertifikat verilməsini yubatması diqqəti cəlb edir. Almaniyanın bu addımından dərhal sonra Avropa bazarlarında qazın min kubmetri 1600 dollara qədər bahalaşıb. Dünən isə qiymətlər 1500 dollar civarında qərarlaşıb. ”Şimal axını-2"nin sahibi “Qazprom” şirkəti Almaniya tənzimləyicisinin açıqlamasından sonra Avropaya qaz nəqlini kəskin azaldıb. Şirkət açıq hərraclarda Polşadan keçən Yamal-Avropa kəməri ilə nəql olunacaq sutkalıq qaz həcmini 89 milyon kubmetrdən 31 milyon kubmetrə salıb.
Bloombergin məlumatına görə, Rusiya tərəfi qaz təzyiqi ilə  “Şimal axını-2"nin sertifikatlaşma prosesini tezləşdirə bilmədikdən sonra diqqətini qazın açıq hərraclarda qısamüddətli spot satışından uzunmüddətli müqavilələrə qayıdılmasına yönəldib. Dekabrın ortalarında Avropa Komissiyası qitəyə 2049-cu ildən sonrakı müddət üçün qaz nəqlini nəzərdə tutan müqavilələrə qadağa qoyulmasını təklif edib. Bu isə konkret qiymət və alış həcmləri nəzərdə tutan uzunmüddətli müqavilələrə üstünlük verən Rusiyanın maraqlarına uyğun deyil. Sentyabr ayında Rusiya prezidenti Vladimir Putin Avropa İttifaqının qazın spot hərraclarla satışına qarşı çıxış edib.

Bu arada “Qazprom” şirkəti Ukrayna anbarlarında minimum həcmdə qaz qaldığını bildirib. Ölkədəki qaz ehtiyatlarının həcmi 15,34 milyard kubmetrdir ki, bu da anbarlara qaz vurulmasına başlanan vaxtdakı qədər deməkdir. Ötən il bu vaxt Ukraynanın anbarlarında 9,9 milyard daha artıq qaz var idi. Avropanın qaz anbarlarından isə artıq yayda vurulan həcmlərin 32,6 faizi qədər qaz götürülüb. Rusiya nəhəngi hazırda Avropa ölkələrinə  qaz satışını artırmayaraq onu Avropadakı anbarlarına vurmaqla məşğuldur.

Payız başlayandan Avropanı qazla sınağa çəkərək həm “Şimal Axını-2" kəmərinin istismara verilməsinə, həm də Avropa Komissiyasının spot hərraclarından çəkinməsinə nail olmaq istəyən Rusiya istəyinə hələ də çata bilməyib. Dekabr ayının kifayət qədər mülayim keçməsi Avropaya bu məsələdə xeyli dərəcədə kömək edib. Yanvar ayından etibarən isə ABŞ-ın Avropaya maye qaz satışını ciddi şəkildə artırması gözlənilir. ABŞ-da son 2 ayda maye qaz istehsal edən iki böyük zavod fəaliyyətə başlayıb. Daha 2 zavodda isə istehsalın 30 faizədək artırılması təmin edilib. Bu isə yaxın aylarda ABŞ-ın maye qaz satışını kəskin artırmasına imkan verəcək.

Analitiklər hesab edirlər ki, havaların mülayim keçməsi və ABŞ-dan maye qaz idxalının artması Avropaya imkan verəcək ki, Rusiyanın təzyiqlərinə qarşı dayana bilsin.

Şərhlər