Almaniyanın yeni kanslerindən Qarabağ gözləntisi - yanlışlıqlar düzələcəkmi?
18.12.2021 13:32 Dünyadan reaksiya 375
Çox yaxşı. Bəs o zaman Azərbaycana gələndə niyə bəzi Avropa dövlətləri ərazi bütövlüyü prinsipini təftişə məruz qoyur, “ikili standartlar”dan çıxış edir, erməni separatçılarına qucaq açır? Təəssüflə qeyd edək ki, Şuşaya getməkdən imtina edən xarici diplomatlardan biri də Almaniyanın Bakıdakı səfiri Volfqana Maniqdir. O yalnız 2 ay öncə Ağdamda olub.
Bəs yeni kanslerin dönəmində rəsmi Berlindən Azərbaycana, Şuşaya münasibətində daha obyektiv mövqe gözləmək olarmı?
AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli Musavat.com-a açıqlamasında Azərbaycana qarşı daim “ikili standart”ların olmasından söz açdı: “Bu ilk dəfə deyil ki belədir. II Qarabağ savaşından öncə də məsələyə bu tərzdə yanaşırdılar. Avropa Şurası, Avropa Birliyi və parlamenti, digər qurumları nəzərdə tuturam. Azərbaycanın heç zaman qeyd-şərtsiz ərazi bütövlüyü tanınmayıb. BMT-nin məşhur, məlum qətnamələri var və orada da ətraf rayonlar nəzərdə tutulub, ermənilərin bu yerləri boşaltmaları tələb olunurdu.
Əhəd Məmmədli: “Avropa ərazi bütövlüyümüzü heç zaman qeyd-şərtsiz tanımayıb”
Qərbdə bunu daim müzakirə predmetinə çeviriblər. Bu ”ikili standart"lar hər zaman olub. Azərbaycana qarşı qərəzli, ədalətsiz mövqedən daim çıxış ediblər. Nə qədər də Ukrayna, Gürcüstan və Moldovanın ərazi bütövlüyünü tanısalar da, unutmayaq ki, kağız üzərində ərazi bütövlüyü tanınmır. Ərazi bütövlüyü silahla, qanla təmin olunur. Necə ki, Azərbaycan bunu əyani surətdə təmin etdi".
Kənan Rövşənoğlu: “Almaniya hökumətinin Qarabağ mövzusundakı çəkingənliyi arxada qalacaq”
Siyasi yazar Kənan Rövşənoğlu gələcək baxımından pozitiv danışdı: “Açığı, Almaniya səfirinin bu hərəkətinin səbəbi məlum deyil. Çünki bildiyim qədər Azərbaycan və Almaniya arasında ciddi bir anlaşılmazlıq yoxdur. Yəni tutalım ki, Almaniya Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Azərbaycana qarşı qərəzli mövqe sərgiləməyib. Düzdür, Almaniya parlamenti 2016-cı ildə ”erməni soyqırımı" haqqında qanun qəbul elədi. Amma konkret Qarabağ mövzusunda mən xatırlamıram. Mümkündür ki, alman hökuməti münaqişə tamamilə həll olana, sülh bağlanana qədər ehtiyatlı, məsafəli davranış göstərmək istəyir. Ancaq sonuncu Brüssel görüşü və reaksiyalar göstərdi ki, Avropa İttifaqı ilə Azərbaycan arasında ciddi soyuqluq yoxdur. Əksinə, bir anlaşma və dil tapma atmosferi var. Almaniya isə İttifaqın aparıcı ölkəsidir, aydın məsələdir ki, Avropa İttifaqının Azərbaycana münasibəti həm də Almaniyanın mövqeyidir. Düşünürəm ki, gələcəkdə Almaniya ilə münasibətlər, xüsusən də Almaniya hökumətinin Qarabağ mövzusundakı çəkingənliyi arxada qalacaq".
Niyaməddin Orduxanlı: “Yeni kanslerdən Azərbaycan xalqı daha obyektiv mövqe gözləyir”
BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı riyakarlığın pik həddə çatdığını qeyd etdi: “Uzun illərdir ki, həm Avropa, həm də Amerika Azərbaycana qarşı ”ikili standart" həyata keçirir. Bunu Azərbaycanla müqayisədə Ukraynaya, Moldovaya və Gürcüstana yanaşmada görürük. Necə ola bilər ki, eyni münaqişədə fərqli mövqe sərgiləyəsən? Ukrayna, Moldova və gürcüstandakıları separatçı adlandırasan və Rusiyanı işğalçı elan edəsən, ancaq Azərbaycanın ərazisi Qarabağda separatçılıq edən ermənilərə fərqli münasibət bəsləyəsən? Amerika və Avropa Ukraynaya görə Rusiyaya sanksiyalar tətbiq edir və artıq ən ağır sanksiyaları tətbiq edəcəyini bəyan edib. Ancaq separatçılığı dəstəkləyən və ona himayədarlıq edən Ermənistanla Amerika və Avropa əməkdaşlıq edir, maliyyə dəstəyi verir. Bir sıra məqamlarda Fransa səviyyəsində açıq dəstəyini ortaya qoyur. Avropanın qərəzli mövqeyini və heç bir beynəlxalq normalara sığmayan münasibət ilə 30 ildir üz-üzəyik. Heç olmasa, az da olsa utanırsınız? 1 milyon soydaşımızın evini darmadağın edən, vəhşilik törədən, dini və tarixi abidələrimizi məhv edən, insanlıq əleyhinə cinayətlər törədən Ermənistanla bağlı niyə susursunuz? Axı bu gün Ermənistan işğaldan azad olunmuş ərazilərmizdə bir neçə milyon mina basdırıb. Müharibədən bir il keçib, ancaq 200 nəfərə yaxın vətəndaşımız minanın qurbanı olub. Almaniyanın səfiri nə zaman bunu dilinə gətirəcək? Hər gün həmin minalar insan həyatını əlindən alır. Hələ də Almaniya, ABŞ və Fransa səfirləri Şuşaya səfər etməyiblər. Niyə? Qəzəbinizi gizlədə bilmirsiniz? Budur sizin ədalətli mövqeyiniz? Dini təəssübkeşliyiniz imkan vermir? Hansı səbəbə görə getmirsiniz? Azərbaycan xalqı səfirlərdən bunun cavabını gözləyir. Almaniyanın yeni kanslerindən Azərbaycan xalqı daha obyektiv mövqe gözləyir. Əgər doğurdan da insan haqlarını, demokratiyanı, beynəlxalq hüququ əsas tutursunuzsa, o zaman zəhmət çəkib Ermənistanın da Rusiya kimi işğalçı olduğunu və separatçılığı dəstəklədiyini bəyan edin. Haqqın yanında olun".
Akif Nağı: “Onların Qarabağ məsələsində davamlı və obyektiv siyasət yeritdiyini görmədik”
QAT sədri Akif Nağının da mövqeyi fərqli deyil: “Almaniyada bir çox aparıcı dövlətlərdən fərqli olaraq ölkəni ”dərin dövlət" deyil, partiyalar idarə edir. Hər partiyanın da daxili və xarici siyasətə öz baxışı var. Bu ölkədəki hakimiyyət dəyişikliyinin Azərbaycana, bütövlükdə Cənubi Qafqaza mövqeyi dəyişəcəkmi? Bu suala birmənalı cavab vermək çətindir. Ötən əsrin 90-cı illərindən yeni əsrin ilk illərinə qədər hakimiyyətdə sosial-demokratlar idi. Amma onların Qarabağ məsələsində davamlı və obyektiv siyasət yeritdiyini görmədik. Merkelin partiyası da ziddiyyətli mövqe sərgiləyirdi. İndiki vəziyyətdə sosial-demokartlar “Yaşıllar” və Müstəqil demokrtalarla koalisiya yaradıb, o cümlədən xarici işlər naziri postunu “yaşlılar”ın nümayəndəsi Berbok tutub. Almaniyaya köç etmiş soydaşlarımızın siyasi fəal hissəsinin əksəriyyəti, həmçinin türkiyəli dostlarımızın xeyli hissəsi Sosial-Demokrat və Yaşıllar partiyalarında yer alıb. Ola bilər ki, bu amil öz təsirini göstərsin. Amma bu ölkə təbii ki, öz maraqlarını hər şeydən üstün tutacaq. Ona görə də, Almaniyanın yeni hakimiyyətini maraqlandırmağı bacarmalıyıq".
Şərhlər