ÜST rəhbəri: Dünya 2022-ci ildə COVID-19 pandemiyasına son qoya bilər

27.12.2021 09:49     Dünyadan reaksiya     408

Dünya ictimaiyyəti 2022-ci ildə COVID-19 pandemiyasına son qoya bilər.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bildirib. ÜST rəhbəri bəşəriyyətin virusla mübarizə aparmaq üçün birlikdə hərəkət etməli olduğunu vurğulayıb.

“Bütün ölkələrin birlikdə çalışaraq 2022-ci ilin ortalarına qədər dünya əhalisinin 70%-ni peyvənd etmək kimi qlobal məqsədə çatması vacibdir. Hökumətlərin heç bir qınaqdan qorxmadan virusun variantlarının yoxlanılması və hesabatı daxil olmaqla, məqsədyönlü sağlamlıq və sosial rifah tədbirlərini həyata keçirməyə davam etməsi vacibdir”, - ÜST-ün baş direktoru bildirib.

Qeyd edək ki, dünyada koronavirusa yoluxanların sayı 280 milyona çatır. Virusun yayılmasından indiyədək 5 milyon 396 min 885 nəfər dünyasını dəyişib.

Dünyada yoluxma üzrə birinci və ikinci yerləri ABŞ və Hindistan bölüşür.

Koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Lakin pandemiya ərzində Çində koronavirusa ümumilikdə 100 386 insan yoluxub, 4 636 nəfər ölüb.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Şərhlər