Azərbaycanı “banan ölkəsi” sayan Pekressdən həyasız tələb

17.01.2022 16:24     Dünyadan reaksiya     330

“Fransa Erməni Təşkilatları”nın Koordinasiya Şurası (CCAF) və “Təhlükədə olan Şərq Xristianları” (?! – Z.S.) Təşkilatının Koordinasiya Şurası (CHREDO) Azərbaycan Prezidenti İlham Əliyevin Fransa prezidentliyinə namizəd Valeri Pekresin Qarabağa qanunsuz səfəri ilə bağlı məlum sərt açıqlamasını pisləyən birgə bəyanat yayıb. CCAF və CHREDO bir az da qabağa gedərək, Fransa hökumətini hətta “bu hədə-qorxu hərəkətinə görə Azərbaycandan izahat və üzr istəməyə, bu olmazsa, öz səfirini Bakıdan geri çağırmağa və Azərbaycanın Fransadakı səfirini ölkədən çıxarmağa” çağırıb.

Pekressin özü isə jurnalistlərlə söhbətində Xankəndinə qanunsuz səfəri ilə əlaqədar İlham Əliyevin sözlərini özünə ünvanlı təhdid adlandırmaqla yanaşı, rəsmi Parisin səssizliyindən şoka düşdüyü”nü söyləyib. “Bu təhdidlər məni qorxutmur və istərdim ki, Fransa hökuməti xarici dövlət başçısının Fransa prezidentliyinə namizədə qarşı bu hədəsinə rəsmi cavab versin”, - Pekres bildirib.

Cavab isə yoxdur və böyük ehtimalla olmayacaq da. Fransada bu xüsusda nə erməni lobbisini, nə də onun çörəyini yeyən Perkessi eşidən və ya saya salan var. Çünki hər necə olmasa, Fransa hüquqi dövlətdir və biz onun məhkəmələri tərəfindən bu yaxınlaradək Fransa şəhərləri ilə “Artsax” şəhərləri arasında imzalanmış neçə-neçə qanunsuz “qardaşlaşma müqaviləsi”nin ləğvini də yaxşı xatırlayırıq...

Yada salaq ki, İlham Əliyev yanvarın 12-də yerli telekanallara müsahibəsində Pekressin ərazimizə qanunsuz girişini təxribat xarakterli və prezident Makrona qarşı olan səfər adlandıraraq demişdi: “Həm müdafiə nazirimiz öz həmkarına dəfələrlə məktublar göndərib, həm sülhməramlı missiya rəhbərinə irad bildirilir və Valeri Pekresin son qanunsuz səfəri ilə bağlı da eyni addımlar atılıb. Bizə belə bir cavab verildi ki, görməmişik, bilməmişik, diqqətdən kənarda olub, o, hansısa adi maşında gəlib və sair. Halbuki, əlbəttə, bu, inandırıcı deyil... Bu, təşkil edilmiş səfər idi, çünki Valeri Pekress istədiyi müşayiətlə gedə bilməyib, çox məhdud sayda gediblər... Onlar gizli şəkildə oraya getdilər və qayıtdılar. Qayıdandan sonra artıq xəbər çıxdı, çünki yəqin ehtiyatlanırdılar ki, biz Laçın dəhlizində onları dayandıracağıq. Çünki əgər xəbərimiz olsaydı ki, onlar oradadırlar, biz onları geri buraxmayacaqdıq, birmənalı şəkildə. Laçın dəhlizi bizim nəzarətimiz altındadır. Biz orada istənilən maşını saxlaya bilərik və heç kim bizə heç nə deyə bilməz”.

Amma gör bu qadın cinsindən olan faşist, türkofob və islamofob madmazel fitnəkarcasına nələr deyir, nəyi xəyal edir: Azərbaycan üzr istəməlidir! “Oğru elə bağırdı ki...” Bağışlayın, xəbərimiz olmayıb, yoxsa Laçından keçəndə yolunuza Qarabağ xalçaları sərərdik...

Ciddiliyə gəlincə, əlbəttə ki, Fransa ermələri və onların yağ-bal içində bəslədikləri Pekress presedent yaranmasından qorxurlar. Yaxşı bilirlər ki, əgər indidən Bakıya təzyiq edilməsə, gələn dəfə Azərbaycan həqiqətən onları və digərlərini saxlaya və həbs edə bilər. O səbəbə “qara məni basmamış mən qaranı basım” məntiqi ilə xoruzlanmağa başlayıblar.

İşə bax, sərhədimizi oğrun yolla, “dal qapı”dan keçənlər Azərbaycan xalqından üzr istəmək əvəzinə xəcalət çəkib eləmədən, sırtıqcasına bizdən üzr tələb edirlər. Nə əsasla?! Belə baxanda təəccüblü də deyil. Sırtığı sırtıq yanına bağlayanda sırtıq olar da! Erməni lobbisinin simpatiya bəslədiyi şəxsdən beynəlxalq hüquqa, mənəvi dəyərlərə hansı sayğı, ümumən insaniyyət gözləmək olar ki? Bu, canavardan vegetarianlıq gözləmək qədər əbəsdir.

Pekress guya indi Allah qoymamış Fransa prezidenti olmaq istəyir. Hələ öz adını bizim “qara siyahı”dan sildir görək, sildirə biləcəksən? Bir də prezident olub nə qələt edəsidir ki? Makaron da 44 günlük müharibədə ermənilər üçün guruldadı, guruldadı, amma “yağa” bilmədi, yekunda sakitləşdi və halal qələbənizlə barışmalı oldu...

Bizi Afrikanın “banan ölkələri” ilə, Fransa müstəmləkələri ilə səhv salan bu madmazelə isə deyən gərək, kirimişcə öz yerində oturmaq əvəzinə, belə aşırı sürtüklüyə görə birdən Azərbaycan səni Beynəlxalq Məhkəməyə verib üzr tələb eləsə, halın necə olar? Bu rüsvayçılığın altından çıxa, məhkəməni uda bilərsənmi?

Hələ siz onun müdafiəsinə qalxan islamofob təşkilatın (CHREDO) adına diqqət edin: “Təhlükədə olan Şərq Xristianları”! Harada, Azərbaycanın hansı guşəsində xristian olduğu üçün indiyədək kimsə incidilib və ya təqib edilib? Bircə fakt göstərə bilərsizmi? Əlbəttə ki, yoxdur. Ola da bilməz.

Və ən sonda Pekressə belə bir ismarış: hünərin çatır yenə əyri yolla Qarabağa gəl, görək gələ bilərsənmi?..

Reaksiya.az

Şərhlər