“AKP bu dəfə seçkidə qalib gələcək” - Ekspert rəyi

19.08.2015 18:39     Dünyadan reaksiya     2098

Xəbər verildiyi kimi, Türkiyədə koalisyon hökumət qurmaq məqsədilə keçirilən son görüş də nəticəsiz qalıb. Keçirilən görüşlərin heç birində konkret nəticənin əldə edilməməsi Türkiyə ictimaiyyətində narahatlıqla qarşılanıb.

Bundan sonra baş verəcəklərlə bağlı türk politoloqları müxtəlif versiyalar səsləndirirlər. Güman edilir ki, koalisyon hökumət qurmaq üçün AKP digər partiyalarla danışıqlara gedə bilər.

Hazırkı durumda isə Ədoğanın hansı addımlar atacağı da maraqla gözlənilir.

Reaksiya.az Azərbaycan politoloqunun bu barədə nə düşündüyünü öyrənib.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu Türkiyədə keçiriləcək yeni seçkilərin nəticələri ilə bağlı iki ehtimalın olduğunu bildirib: “7 iyun seçkisində birinciliyi qazanan hakim AK Partiyası və onun lideri Əhməd Davudoğlu hökuməti qura bilmədisə, prezident Rəcəb Tayib Ərdoğan mandatını ikinci yer tutan partiyanın liderinə verməliydi. Yəni, CHP lideri Kılıçdaroğlu koalisyon hökumət qurmaq danışıqlarına başlamalıydı. Kılıçdaroğlunun da koalisyon hökumət qurma ehtimalları çox aşağı idi. Çünki Kılıçdaroğlu HDP partiyası ilə koalisiyaya gedəcəkdi. HDP-nin də demokrat partiyası deyil, PKK-nın siyasi bir qanadı olduğundan bu koalisiya baş tuta bilməyəcəkdi”.

Elxan Şahinoğlu koalisiya danışıqlarının uğurlu olmadığına görə Türkiyənin yenidən seçkilərə gedəcəyini vurğulayıb: “Seçkinin isə iki nəticəsi ola bilər. Birincisi, 7 iyunda baş verənlər yenidən təkrarlana bilər. İkinci ssenari isə ondan ibarətdir ki, koalisyon hökumət yaranmadığına görə insanlar  yenidən AKP-yə səs verib AKP-nin təkbaşına hökumət qurmasına şərait yaradacaq. Bu dəfə HDP-nin baryeri aşması da sual doğurur. Bu zaman isə AKP çox rahatlıqla üstünlüyü əldə edib təkbaşına hökumət qura bilər”.   

 

Şərhlər

Çox oxunanlar