Pentaqon Çin və Rusiyaya meydan oxuyur

30.03.2022 13:30     Dünyadan reaksiya     353

ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) 2022-ci ilin Milli Müdafiə Strategiyasını Konqresə təqdim edib. Strategiya milli maraqların qorunması sahəsində prioritet istiqamətləri müəyyənləşdirir.

Novator.az-ın məlumatına görə, sənəddə ABŞ-ın milli maraqlarına təhlükə törədən ölkələrdən də bəhs olunur, əsasən Rusiya və Çinin adı hallanır. Qeyd edilir ki, ABŞ-ın müdafiə prioritetlərindən biri potensial təcavüzün qarşısını almaq, lazım gələndə münaqişəyə atılıb qalib gəlməyə hazır olmaq, Sakit okean, Hind okeanı regionunda Çinə, Avropada Rusiyaya meydan oxumaqdır.

Sənəddə deyilir ki, Pentaqon ABŞ-ın ən mühüm strateji rəqibi sayılan Çini durdurmaq üçün təxirəsalınmaz addımlar atacaq. O da bildirilir ki, Ukraynada başlatdığı amansız və səbəbsiz müharibə Rusiyanın Amerikanın milli maraqlarına böyük təhlükə olduğunu bir daha təsdiqləyir.

Sənəddə Rusiyanı təcavüzkar siyasətdən çəkindirmək üçün ABŞ-ın müttəfiqləri, NATO-dakı tərəfdaşları ilə birgə səyləri daha da gücləndirəcəyi vurğulanır.

Milli Müdafiə Strategiyasında o da deyilir ki, Müdafiə Nazirliyi Şimali Koreyadan, İrandan və ekstremist təşkilatlardan gələn təhdidləri izləməkdə davam edəcək.

Reaksiya.az

Şərhlər