Putin və Baydenin planı nədir? Rusiya niyə geri çəkildi?

02.05.2022 14:38     Dünyadan reaksiya     376

Çavuşoğlu artıq ikinci dəfədir ki, Ukraynada müharibənin bitməsini istəməyən ölkələrin olduğunu bəyan edir.

Qərbin bu istəyi aydın görünür və hədəfin Rusiyanın bu müharibədə zəifləməsi olduğunu dilə gətirirlər, hərçənd, yeganə səbəb təkcə bu deyil. Belə görünür ki, ABŞ Rusiya təhlükəsi ilə Avropada nail olmaq istədiyi hədəfə hələ çatmayıb, xüsusilə Fransa və Almaniyanın tam “nəzarətə” götürülməsi məsələsində.

Və Rusiyanın sanki bu prosesdə öz “missiyasına” sadiq qaldığı da hiss olunur, xüsusilə işğalçı qoşunların Kiyev ətrafından geri çəkilməsi fonunda: bu, Donbası tam işğal etmək planına uyğun görünsə də, şübhəli məqamlar var idi;

- rus qoşunları Kiyev ətrafında qaldığı müddətdə Ukraynanın əsas diqqəti bura yönələcəkdi;

- qoşunların çəkilməsi Ukraynanın önünü açdı və cəbhədə əks-hücumu gücləndirən Kiyevin danışıqlarda da əlini gücləndirdi.

Nəticə etibarilə, İstanbul razılaşması arxa plana keçdi və döyüşün ikinci, daha şiddətli olacağı gözlənilən mərhələsi başlandı. Rusiyanın Donbası işğal etdikdən sonra masada əyləşmək və “neytral status”a razı olan, amma Donbas və Krım məsələsindən geri addım atmayan Kiyevi məcbur etmək niyyəti aydın görünür, lakin bunu qoşunları geri çəkməklə - faktiki üstünlüyündən imtina etməklə həyata keçirmək istəyi suallar yaradır.

Belə suallar Ukrayna müharibəsində toqquşan tərəflərin – ABŞ və Rusiyanın geosiyasi proseslərdə hələ istəklərinə nail olmadığı və müharibənin də məhz hədəflənən geosiyasi şərtlərin yetişməsinə qədər davam edəcəyinə dair şübhələri ön plana çıxarır.

Çavuşoğlunun açıqlamasında diqqətçəkən əsas məqam isə Kiyev və Moskvanın “arxa qapı diplomatiyası” apardığını, burada ümidlərin olduğuna dair fikirləridir. İstisna deyil ki, Kiyev Qərbin açıq dəstəyinə rəğmən, Moskva ilə qapını tam bağlamır və bu, dəyişə biləcək şərtlərdə yaranacaq mümkün risklərə qarşı hazırlıqlı olmağa hesablanıb. Bütün hallarda müharibə Ukrayna torpağında gedir və bombalar altında olan ukraynalılardır...(axar)

Reaksiya.az

Şərhlər