Çindən ABŞ-a sərt xəbərdarlıq:"Odla oynama, özünü yandırarsan"

24.05.2022 13:51     Dünyadan reaksiya     397

Co Baydenin ABŞ-n Tayvanı Çinə qarşı müdafiə edəcəyi ilə bağlı açıqlamalarına Çindən sərt reaksiya gəlib. Çin Dövlət Şurasının Tayvan işləri üzrə sözçüsü ABŞ-ı “odla oynamaqda” ittiham edib.


Tayvan işləri üzrə sözçü Zhu Fenglian açıqlamasında, Tayvan xəritəsindən istifadə edərək Çini nəzarətdə saxlamağa çalışan ABŞ-ın "özünü yandıracağını" bildirib.

Çinin dövlət xəbər agentliyi olan "Sinxua"nın fransızdilli "China Nouvelle" saytının yazdığına görə, Zhu Fenglian ABŞ-ı, Çinin təsisçi prinsiplərini pozan hər hansı müzakirə və hərəkətlərə dərhal son qoymağa çağırıb.

Yaponiyada keçirilən mətbuat konfransında bir jurnalist Co Baydenə, Çin işğala keçərsə, ABŞ Tayvanı hərbi cəhətdən qoruyacaqmı? -deyə sual verib. Bayden "Bəli. Bu, bizim öhdəliyimizdir" cavabını verib və ölkəsinin hərbi müdaxilə edəcəyi ilə bağlı xəbərdarlıq etdiyini xatırladıb.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü isə "ABŞ Çin xalqının suverenliyini və ərazi bütövlüyünü qorumaq əzmini yüngül qiymətləndirməməlidir" - deyə reaksiya verib.

1949-cu ildə Çində Mao Zedonqun hakimiyyətə gəlməsi ilə nəticələnən vətəndaş müharibəsində kommunistlərə məğlub olan millətçilər Tayvan adasına qaçmışdılar.

İki tərəf arasında sıx işgüzar, mədəni və şəxsi münasibətlər olsa da, demokratik xüsusiyyətini ön plana çıxaran Tayvan “Vahid Çin” altında Pekin tərəfindən idarə olunmaq istəmir.

Reaksiya.az

Şərhlər