Slovakiya müsəlman miqrantlara “yox” dedi - “Ölkədə bir dənə də olsun məscid yoxdur”
20.08.2015 13:32 Dünyadan reaksiya 2215
“Suriyadan yalnız xristian və ateist olan qaçqınlar qəbul ediləcək”.
Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı Slovakiya hakimiyyəti yayıb.
Daxili İşlər Nazirliyinin nümayəndəsi İvan Metik qərarı izah edərkən deyib ki, müsəlman qaçqınlar Slovakiyada özlərini evdəki kimi hiss etməyəcəklər.
Üzv ölkələrdə 40 min qaçqının yerləşdirilməsilə bağlı Avropa İttifaqının planlarına əsasən Slovakiya 200 adamı qəbul etməlidir.
Onların əksəriyyəti Türkiyə, İtaliya və Yunanıstandakı düşərgələrdə qalır.
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı qaçqınları qəbul edərkən ayriseçkiliyə yol verməməyə səsləyib.
İvan Metik bildirir ki, Slovakiya hökumətinin qərarı ölkədə yaşayan icmalar arasındakı ahəngdarlığı pozmamaq naminə qəbul edilib:
"Biz Avropaya miqrantlar probleminin həllində səmimi kömək etmək istəyirik. Lakin qaçqınlar üçün biz yalnız tranzit ölkəsiyik. Onlar bizdə qalıb yaşamaq istəmirlər. Biz 800 müsəlman da qəbul edə bilərdik, lakin ölkədə bir dənə də olsun məscid yoxdur. Bəs müsəlmanlar necə inteqrasiya olunmalıdırlar, bura onların xoşuna gəlməyə də bilər?!".
Şərhlər