Rusiya bu silahdan niyə panikaya düşüb?
02.06.2022 14:23 Dünyadan reaksiya 342
Rusiyanın əsl qorxusu Ukraynaya verilən HIMARS və ya MLRS deyil, “Lend-liz” proqramı çərçivəsində göndəriləcək müasir silah və texnikalardır. “Lend-liz” proqramı əsasında Ukraynaya veriləcək silahlar müharibənin gedişatını dəyişəcək.
Bu sözləri Axar.az-a Ukrayanaya veriləcək HIMARS və ya MLRS sistemləri ətrafında yaranan müzakirələrə münasibət bildirən hərbi ekspert Ədalət Verdiyev deyib.
O bildirib ki, “Lend-liz” proqramı çərçivəsində hansı silahların veriləcəyi tam açıqlanmayıb:
“Biz geniş çeşiddə veriləcək silahların adları ilə tanış deyilik. Amma “Lend-liz” 20 milyard dollar çərçivəsində ediləcək hərbi yardımdır. Bundan sonra da daha 40 milyard dollarlıq yardım nəzərdə tutulub. Toplam 60 milyardlıq hərbi yardım Ukraynadakı əməliyyatların gedişatına çox ciddi təsir göstərəcək. Hətta əməliyyatlar Ukraynanın xeyrinə dəyişə də bilər. Rusiyanın əlində olan strateji və taktiki nüvə silahlarını nəzərə almasaq, onun Ukrayna ərazisində daha ciddi problemlərlə qarşılaşacağını deyə bilərik. Eyni zamanda, bir çox Avropa ölkəsi də uzaqmənzilli hava hücumundan müdafiə sistemlərini Ukraynaya vermək qərarına gəlib”.
Ekspert bildirib ki, istənilən halda təkcə HIMARS-ların Ukraynaya verilməsilə müharibənin gedişinin dəyişəcəyini düşünmək doğru olmaz:
“O ki qaldı həmin silahlarla Krıma mümkün zərbə endirilməsi perspektivinə, Krım Ukrayna ərazisi olduğu üçün oradakı separatçı qüvvələrə Ukraynanın güc tətbiq etməsi beynəlxalq hüququqa zidd deyil. Amma görünən odur ki, Ukrayna daha çox Donbas - Donetsk və Luqansk istiqamətlərindən Rusiyanın hücumlarını dayandırmağa cəhd edəcək. Krım yalnız və yalnız Donbas istiqamətində ərazi bütövlüyü təmin edildikdən sonra gündəmə gələ bilər. Çünki Ukraynanın geniş bir cəbhə boyunca Rusiyaya müqavimət göstərməsi hədəfdən yayınmaya da gətirib çıxara bilər. Güc, qüvvə və vasitələrin daha geniş cəbhədə paylaşdırılması əks hücumların effektivliyini aşağı salar. Ona görə də bu silahların əsasən Donbas istiqamətində istifadə olunacağı ehtimalı daha böyükdür”.
Şərhlər