ABŞ Kiyev səfirini İrəvana göndərir - Rusiya narahatdır
24.06.2022 12:44 Dünyadan reaksiya 575
ABŞ Prezidenti Co Baydenin ölkəsinin Kiyevdəki səfirini İrəvana göndərmək təşəbbüsü ilə çıxış etməsi Ermənistandakı rus mediasında ciddi müzakirə edilir.
Buta.ws xəbər verir ki, erməni politoloqlar “Bayden Linn Treysini niyə Kristina Quinn ilə əvəzləmək istəyir” sualı ətrafında müxtəlif fərziyyələr irəli sürürlər.
Ən maraqlı məqam Linn Treysinin hər zaman erməni maraqlarından çıxış etməsi, Quinnin isə daha fərqli imici ilə bağlıdır. Xüsusilə Ukraynada baş verənlər fonunda bu ölkəyə təyin edilən səfirlərin də xüsusi rol oynadığı iddiaları Rusiya mediasını narahat edir. Bəzi ehtimallara görə, ABŞ “Rusiyadan qoparmaq istədiyi ölkələrə” xüsusi seçilmiş səfirləri göndərir. Ukraynada buna nail olubsa, demək, bu təcrübəyə malik diplomatın Ermənistana gəlməsi təsadüf deyil.
Erməni Amerika Tədqiqatları Mərkəzinin direktoru Suren Sərkisyan 2023-cü ilin fevralında Linn Treysinin Ukraynadakı müvəqqəti işlər vəkili Kristina Quinn ilə əvəz olunacağı ehtimalını dəyərləndirərkən deyib ki, Ukraynada fəaliyyət göstərmək hələ hansısa missiyanı yerinə yetirmək demək deyil. Moskva və yaxud Kiyevdə ABŞ səfiri olmaq nəyinsə mesajı anlamına gəlmir:
“Kristina Quinn də bizim regionda, xüsusən də Avrasiya ilə məşğul olub, ona görə də onun namizədliyində qeyri-adi heç nə yoxdur. Ermənistandakı ABŞ səfiri də sonradan Ukraynaya göndərilmişdi”.
Quinnin göndərilməsindən “narahat olmamağa” çağıran S.Sərkisyan ABŞ-ın konkret regionlar üzrə mütəxəssisləri səfir göndərmək təcrübəsini misal göstərib və bildirib ki, L.Treysi də ərəb dünyasını bilən şəxs olduğu üçün səfir təyin edilmişdi.
Rusiyapərəst ekspert Qriqor Balasanyan isə hesab edir ki, Ukrayna amerikalı diplomatlar üçün postsovet məkanına “yerləşdirilmə” məkanıdır və oradan digər postsovet ölkələrinə səfirlər göndərilir:
“Kristina Quinn peşəkar keyfiyyətlərinə görə seçilmir və Cənubi Qafqaz üçün heç vaxt xüsusi əhəmiyyət kəsb etməyib. Onun təyinatının müzakirəsi peşəkarlığına görə yox, Treysinin buraxdığı səhvlərin nəticəsidir.
Treysinin ölkədə baş verən müxalifət aksiyalarındakı qeyri-obyektiv mövqeyi və Ermənistanın daxili işlərinə qarışması ABŞ-dakı erməni icması və erməni təşkilatları arasında böyük narazılıq dalğasına səbəb olub”.
Onun fikrincə, ABŞ istənilən ölkəyə səfir təyin etməklə yerli hakimiyyət orqanlarını istədiyi orbitdə saxlamaq istəyir:
“Linn Treysi qarşısına qoyulan vəzifənin öhdəsindən tam gələ bilmədi, belə ki, Ermənistan Rusiyaya qarşı sanksiyalara qoşulmadı (və yaxud Rusiyanın sanksiyalardan yayınmasında rol oynamağa davam etdi – red.). Bu isə ABŞ-ın planına ziddir”.
Balasanyanın iddiasına görə, Treysi 44 günlük savaşdan sonra belə Ermənistanın Rusiyaya münasibətini dəyişə bilmədi, Moskvanın təsir gücünü azaltmağı bacarmadı:
“Ermənistandakı səfirin geri çağırılması səbəbi gizli proseslərdir”.
Qeyd edək ki, Treysi vaxtından əvvəl geri çağırılmır, onun səlahiyyət müddəti 2023-cü ilin fevralında bitəcək.
K.Quinn Prezident Co Bayden tərəfindən ABŞ-ın Ermənistandakı yeni səfiri vəzifəsinə irəli sürülüb. Onun namizədliyini Senat təsdiqləməlidir.
Şərhlər